“Azərbaycanla Qırğızıstan arasında münasibətlərin müttəfiqlik səviyyəsinə yüksəlməsi təkcə iki qardaş ölkə arasında əlaqələrin inkişafı deyil, bütövlükdə Türk dünyasında yeni geosiyasi reallığın formalaşmasının göstəricisidir. Son illər türk dövlətləri arasında əməkdaşlığın dinamikası göstərir ki, münasibətlər artıq mədəni və tarixi bağlar çərçivəsini aşaraq strateji maraqlar üzərində qurulan institusional tərəfdaşlıq mərhələsinə qədəm qoyub.”
Bu sözləri Bizimyol.info xəbər portalına Milli Məclisin deputatı Vüqar İskəndərovdeyib.Deputat bildirib ki, iki ölkə arasında 105 sənədin imzalanması münasibətlərin sistemli şəkildə inkişaf etdiyini göstərən ən mühüm göstəricilərdən biridir:
“Bu gün Azərbaycan və Qırğızıstan münasibətləri ayrı-ayrı layihələr üzərində deyil, uzunmüddətli strateji baxış üzərində qurulur. İmzalanan sənədlər siyasi dialoqdan iqtisadiyyata, nəqliyyatdan investisiyalara, təhsildən rəqəmsal inkişaf sahəsinə qədər geniş spektri əhatə edir. Bu isə gələcək əməkdaşlığın hüquqi və siyasi əsaslarını daha da möhkəmləndirir.”
Deputatın sözlərinə görə, bu proses Türk Dövlətləri Təşkilatının gələcək inkişaf trayektoriyası baxımından da xüsusi əhəmiyyət daşıyır:
“Türk Dövlətləri Təşkilatı artıq yalnız ortaq tarix və mədəniyyət platforması deyil. Təşkilat daxilində müttəfiqlik münasibətlərinin yaranması onun gələcəkdə siyasi, iqtisadi və hətta təhlükəsizlik məsələlərində daha koordinasiyalı fəaliyyət göstərən regional güc mərkəzinə çevrilməsi üçün ciddi zəmin formalaşdırır. Bu, hansısa ölkəyə qarşı yönəlmiş model deyil. Əksinə, regionda sabitliyin, qarşılıqlı etimadın və əməkdaşlığın möhkəmlənməsinə xidmət edən inteqrasiya modelidir.”
Vüqar İskəndərov hesab edir ki, Azərbaycanın Orta Dəhlizdə artan rolu da bu strateji prosesin mühüm tərkib hissəsidir:
“Dünya ticarətində marşrutların şaxələndirilməsi fonunda Orta Dəhlizin əhəmiyyəti sürətlə artır. Azərbaycan bu gün Şərqlə Qərbi, Mərkəzi Asiya ilə Avropanı birləşdirən əsas logistika mərkəzlərindən birinə çevrilir. Qırğızıstanın bu marşruta daha fəal inteqrasiyası isə həm yükdaşımaların həcmini artıracaq, həm də Türk dünyasının iqtisadi bağlılığını daha da gücləndirəcək.”
Deputat vurğulayıb ki, bəzi dairələrin Orta Dəhlizi Rusiya və ya Çinə alternativ kimi təqdim etməsi reallığı tam əks etdirmir:
“Azərbaycanın xarici siyasətinin əsas prinsipi balanslı əməkdaşlıqdır. Bakı heç bir geosiyasi qarşıdurmanın tərəfi deyil. Əksinə, ölkəmiz müxtəlif iqtisadi və siyasi mərkəzləri birləşdirən etibarlı tərəfdaş kimi çıxış edir. Orta Dəhlizin inkişafı da rəqabət yaratmaq məqsədi daşımır. Bu layihə Avrasiya məkanında nəqliyyat təhlükəsizliyini artıran, alternativləri genişləndirən və bütün iştirakçılar üçün yeni iqtisadi imkanlar yaradan platformadır.”
Deputat əlavə edib ki, Azərbaycanın son illərdə həyata keçirdiyi xarici siyasət artıq regional təşəbbüslərin əsas hərəkətverici qüvvələrindən birinə çevrilib:
“Bu gün Azərbaycan hadisələrin arxasınca gedən ölkə deyil, regional gündəliyi formalaşdıran dövlətlərdən biridir. Qırğızıstanla münasibətlərin müttəfiqlik səviyyəsinə yüksəlməsi də Prezident İlham Əliyevin uzaqgörən xarici siyasət kursunun növbəti uğurlu nəticəsi olmaqla yanaşı, Türk dünyasında inteqrasiyanın daha praktik və institusional mərhələyə keçdiyini göstərən mühüm siyasi mesajdır.”




