Azərbaycan Prezidenti İlham Əliyevin Qırğız Respublikasına dövlət səfəri ikitərəfli münasibətlərin inkişafında mühüm mərhələ olmaqla yanaşı, daha geniş geosiyasi məna daşıyır. Müttəfiqlik münasibətləri haqqında Müqavilənin imzalanması göstərir ki, söhbət təkcə Azərbaycan-Qırğızıstan əlaqələrinin yeni mərhələyə yüksəlməsindən deyil, həm də Azərbaycanın Mərkəzi Asiya dövlətləri ilə qarşılıqlı fəaliyyətinin yeni modelinin ardıcıl şəkildə formalaşdırılmasından gedir.
Milli Məclisin deputatı Sevinc FƏTƏLİYEVA açıqlamasında deyib ki, son illərdə Azərbaycanın xarici siyasəti keyfiyyətcə yeni mərhələyə qədəm qoyub. Əgər əvvəllər əsas diqqət ayrı-ayrı tərəfdaşlarla ikitərəfli münasibətlərin inkişafına yönəlirdisə, bu gün Bakı bütövlükdə Mərkəzi Asiya regionu ilə uzunmüddətli əməkdaşlıq sistemini ardıcıl şəkildə qurur. Bu isə ayrı-ayrı təşəbbüslərdən institusional əsaslara söykənən regional əməkdaşlıq modelinə keçidin göstəricisidir. Qırğızıstan bu strategiyada xüsusi yer tutur. İki ölkə arasında siyasi fikir ayrılıqları yoxdur, münasibətlər qarşılıqlı etimad və hörmət prinsipləri əsasında inkişaf edir. Məhz buna görə də münasibətlərin müttəfiqlik səviyyəsinə yüksəldilməsi situativ qərar deyil, uzun illər ərzində formalaşmış siyasi dialoqun məntiqi nəticəsi kimi qiymətləndirilməlidir.
Deputatın fikrincə, diqqətçəkən məqamlardan biri də siyasi yaxınlaşmanın konkret əməkdaşlıq mexanizmləri ilə müşayiət olunmasıdır. Azərbaycan-Qırğızıstan İnkişaf Fondunun nizamnamə kapitalının 200 milyon dollara çatdırılması bunun ən bariz nümunəsidir. Bu qərar göstərir ki, tərəflər siyasi bəyanatlarla kifayətlənməyərək uzunmüddətli investisiya layihələrinin maliyyələşdirilməsinə xidmət edəcək real institusional alətlər formalaşdırırlar.
S.Fətəliyeva bildirib ki, müasir beynəlxalq münasibətlər sistemində dövlətlərarası əlaqələrin davamlılığı artıq yalnız siyasi dialoqun intensivliyi ilə deyil, həm də yaradılmış institutların səmərəliliyi ilə ölçülür: "Birgə fondlar, maliyyə mexanizmləri və koordinasiya platformaları tərəfdaşlığın dayanıqlılığını təmin edən əsas vasitələrə çevrilir. Bu baxımdan Azərbaycan və Qırğızıstan arasında müttəfiqlik münasibətlərinin qurulması daha geniş regional strategiyanın tərkib hissəsi kimi dəyərləndirilməlidir. Azərbaycanın Mərkəzi Asiya siyasəti ayrı-ayrı ölkələrlə münasibətlərin inkişafı ilə məhdudlaşmır. Bakı regionun bütün dövlətləri ilə əməkdaşlığı sistemli şəkildə genişləndirərək, vahid qarşılıqlı fəaliyyət məkanı formalaşdırır. Bu yanaşma yalnız ikitərəfli əlaqələrin möhkəmlənməsinə deyil, bütövlükdə regionda siyasi dialoqun, iqtisadi əməkdaşlığın və institusional əlaqələrin güclənməsinə xidmət edir".
Deputat vurğulayıb ki, mövcud mərhələnin digər mühüm xüsusiyyəti Azərbaycanın beynəlxalq proseslərdə rolunun dəyişməsidir. Respublikamız artıq yalnız regional təşəbbüslərin iştirakçısı deyil, eyni zamanda onların birbaşa təşəbbüskarı və təşkilatçılarından biri kimi çıxış edir. Azərbaycanın irəli sürdüyü təşəbbüslər qarşılıqlı fayda, suverenliyə hörmət və bərabərhüquqlu tərəfdaşlıq prinsiplərinə əsaslanır. Məhz bu yanaşma Mərkəzi Asiya ölkələrinin maraqları ilə üst-üstə düşür və əməkdaşlığın yeni formatlarını təşviq edir. "Prezident İlham Əliyevin Qırğızıstana dövlət səfəri bir daha nümayiş etdirir ki, Azərbaycan diplomatiyası yeni inkişaf mərhələsinə daxil olub. Bu mərhələnin əsas xüsusiyyəti siyasi razılaşmaları, iqtisadi mexanizmləri və uzunmüddətli strateji planlaşdırmanı vahid sistemdə birləşdirmək bacarığıdır. Belə yanaşma Azərbaycanın Mərkəzi Asiyadakı mövqelərini daha da möhkəmləndirməklə yanaşı, Cənubi Qafqaz və Mərkəzi Asiya arasında yeni əməkdaşlıq modelinin formalaşmasına da töhfə verir. Bu baxımdan Azərbaycan ilə Qırğızıstan arasında imzalanmış Müttəfiqlik Müqaviləsi yalnız iki ölkə arasındakı münasibətlərin inkişafını ifadə etmir. O, qarşılıqlı etimada, institusional dayanıqlılığa və uzunmüddətli strateji əməkdaşlığa söykənən yeni regional əməkdaşlıq modelinin formalaşmasının növbəti mühüm mərhələsini əks etdirir".
OXŞAR XƏBƏRLƏR
banner / gundem / Siyasət
banner / gundem / Siyasət
banner / gundem / Siyasət
banner / gundem / Siyasət
banner / gundem / Siyasət
banner / gundem / Siyasət
banner / gundem / Siyasət
banner / gundem / Siyasət
banner / gundem / Siyasət
banner / gundem / Siyasət
banner / gundem / Siyasət
banner / gundem / Siyasət









