backend

Bişkekdən verilən strateji mesajlar: Prezident İlham Əliyevin mətbuat bəyanatı Azərbaycanın yeni geosiyasi reallıqlardakı rolunu bir daha təsdiqlədi

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Qırğız Respublikasına dövlət səfəri və səfər çərçivəsində verdiyi mətbuat bəyanatı təkcə iki dost və qardaş ölkə arasında münasibətlərin inkişafına dair fikir mübadiləsi deyil, həm də Cənubi Qafqaz, Mərkəzi Asiya və bütövlükdə Türk dünyasının gələcək əməkdaşlıq gündəmini müəyyənləşdirən mühüm siyasi mesajlar kimi qiymətləndirilməlidir. Bəyanatda səsləndirilən fikirlər Azərbaycanın son illərdə həyata keçirdiyi xarici siyasətin ardıcıllığını, çoxtərəfli əməkdaşlıq modelinə sadiqliyini və regional sabitliyin təmin olunmasına verdiyi töhfəni bir daha nümayiş etdirdi.
Bu gün Azərbaycan artıq yalnız Cənubi Qafqazın deyil, Avrasiya məkanının mühüm siyasi, iqtisadi və nəqliyyat mərkəzlərindən birinə çevrilib. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü siyasət nəticəsində ölkəmiz beynəlxalq təşkilatlarda nüfuzunu artırıb, enerji təhlükəsizliyi, nəqliyyat-kommunikasiya layihələri və regional əməkdaşlıq sahələrində etibarlı tərəfdaş kimi qəbul olunur. Qırğızıstana dövlət səfəri zamanı səsləndirilən fikirlər də məhz bu strateji xəttin davamı idi.
Prezident İlham Əliyev çıxışında Azərbaycan ilə Qırğızıstan arasında münasibətlərin müttəfiqlik səviyyəsinə yüksəldiyini, siyasi dialoqun, iqtisadi əlaqələrin, investisiya layihələrinin və humanitar əməkdaşlığın dinamik inkişaf etdiyini xüsusi vurğuladı. Bu yanaşma göstərir ki, Azərbaycan Türk Dövlətləri Təşkilatı çərçivəsində inteqrasiyanın dərinləşdirilməsini prioritet istiqamətlərdən biri hesab edir. Son illər Türk dünyasında müşahidə olunan həmrəylik məhz Azərbaycan Prezidentinin təşəbbüsləri və fəal diplomatiyası ilə yeni məzmun qazanıb.
Mətbuat bəyanatında nəqliyyat dəhlizləri, Orta Dəhlizin inkişafı, ticarət dövriyyəsinin artırılması, qarşılıqlı investisiyalar və Qarabağın bərpasında əməkdaşlıq məsələlərinin ön plana çəkilməsi Azərbaycanın gələcəyə hesablanmış strateji baxışını nümayiş etdirdi. Bu, təkcə ikitərəfli münasibətlər deyil, bütövlükdə regionun iqtisadi inteqrasiyasına xidmət edən mühüm istiqamətlərdir.
Diqqət çəkən məqamlardan biri də Azərbaycanın beynəlxalq aləmdə artan nüfuzunun artıq müxtəlif dövlətlərin konkret əməkdaşlıq təşəbbüslərində öz əksini tapmasıdır. Son illərdə dünyanın aparıcı siyasi liderlərinin Azərbaycana səfərləri, ölkəmizdə keçirilən beynəlxalq tədbirlər, Qarabağa təşkil olunan xarici nümayəndə heyətlərinin səfərləri və yeni əməkdaşlıq layihələri Azərbaycanın beynəlxalq etimad kapitalının əhəmiyyətli dərəcədə yüksəldiyini göstərir.
Belə bir şəraitdə ölkə daxilində bəzi radikal müxalifət dairələrinin Azərbaycanın əldə etdiyi uğurları kiçiltməyə, beynəlxalq əhəmiyyətli hadisələri gözdən salmağa və dövlətin xarici siyasət nailiyyətlərini kölgədə qoymağa yönəlmiş cəhdləri diqqətdən yayınmır. Demokratik cəmiyyətlərdə fərqli siyasi baxışların mövcudluğu təbiidir. Lakin milli maraqlara toxunan məsələlərdə obyektiv yanaşma və məsuliyyətli mövqe xüsusi əhəmiyyət daşıyır. Xarici siyasətdə əldə olunan nəticələrin daxili siyasi mübarizənin alətinə çevrilməsi nə ölkənin beynəlxalq nüfuzuna, nə də milli maraqlara xidmət edir.
Azərbaycanın beynəlxalq mövqeyinin möhkəmlənməsi, Türk dünyasında inteqrasiya proseslərinin sürətlənməsi, nəqliyyat və enerji layihələrinin genişlənməsi artıq konkret faktlarla təsdiq olunan reallıqlardır. Bu uğurlar müxtəlif beynəlxalq tərəfdaşların ölkəmizə münasibətində, imzalanan sənədlərdə və həyata keçirilən layihələrdə öz ifadəsini tapır. Belə faktlar fonunda aparılan qarayaxma kampaniyaları ictimai rəyi manipulyasiya etmək cəhdindən uzağa getmir və ölkənin obyektiv inkişaf göstəricilərini dəyişdirə bilmir.
Prezident İlham Əliyevin Qırğızıstana dövlət səfəri və Bişkekdə verdiyi mətbuat bəyanatı bir daha nümayiş etdirdi ki, Azərbaycan regional siyasətin istiqamətlərini müəyyənləşdirən, təşəbbüslər irəli sürən və onların həyata keçirilməsində fəal rol oynayan dövlətdir. Bu siyasətin mərkəzində isə milli maraqların qorunması, Türk dünyasının birliyinin möhkəmləndirilməsi, iqtisadi əməkdaşlığın genişləndirilməsi və regionda uzunmüddətli sabitliyin təmin edilməsi dayanır.
Mövcud geosiyasi şəraitdə Azərbaycanın ardıcıl və praqmatik xarici siyasəti ölkəmizin beynəlxalq nüfuzunu daha da artırır. Qırğızıstana dövlət səfəri zamanı verilən mesajlar da göstərdi ki, Azərbaycan yalnız bugünkü deyil, gələcək onilliklərin regional inkişaf modelinin formalaşmasında da mühüm söz sahibidir.

Jalə Əliyeva
Milli Məclisin deputatı