backend

Anar İsgəndərov:Azərbaycan–Qırğızıstan münasibətləri müttəfiqlik mərhələsində

Prezident İlham Əliyevin 31 iyul 2026-cı il tarixində Qırğızıstan Respublikasına dövlət səfəri və səfər çərçivəsində mətbuata verdiyi bəyanat bir daha nümayiş etdirdi ki, Azərbaycan ilə Qırğızıstan arasında münasibətlər strateji tərəfdaşlıqdan müttəfiqlik səviyyəsinə yüksəlib. Tarixi, mədəni, mənəvi və etnik köklərlə bir-birinə bağlı olan iki qardaş xalq bu gün siyasi, iqtisadi və humanitar sahələrdə əməkdaşlığını sürətlə genişləndirir.
Mərkəzi Asiyanın türkdilli dövlətlərindən biri olan Qırğızıstan zəngin təbiəti, yüksək dağları və əsrarəngiz İssık-Kul gölü ilə seçilir. Ərazisinin böyük hissəsini Tanrı dağları əhatə etdiyindən bu ölkə tez-tez “Orta Asiyanın İsveçrəsi” adlandırılır. 1991-ci il avqustun 31-də müstəqilliyini elan edən Qırğızıstan bu gün Azərbaycanın ən yaxın dost və qardaş dövlətlərindən biridir.
Prezident İlham Əliyev mətbuata bəyanatında iki ölkə arasında münasibətlərin artıq yeni mərhələyə qədəm qoyduğunu vurğulayaraq bildirib:
“Bu gün biz Sizinlə dövlətlərarası münasibətləri ən yüksək səviyyəyə qaldırdıq, qarşılıqlı fəaliyyətimizin möhkəmlənməsinə birgə səyləri bir daha nümayiş etdirdik. Müttəfiqlik münasibətləri çox böyük məsuliyyət deməkdir və biz bu məsuliyyətə hazırıq. Biz bütün təşəbbüslərdə – həm beynəlxalq platformalarda, həm də iqtisadi-ticari sahədə və təhlükəsizliyin təmin olunması istiqamətində bir-birimizi bundan sonra da dəstəkləyəcəyik.”
Bu fikirlər Azərbaycan və Qırğızıstanın regional və beynəlxalq məsələlərdə ortaq mövqedən çıxış etdiyini, qarşılıqlı etimadın ən yüksək səviyyədə olduğunu göstərir.
Səfərin mühüm nəticələrindən biri də Azərbaycan–Qırğız İnvestisiya Fondunun nizamnamə kapitalının iki dəfə artırılaraq 200 milyon ABŞ dollarına çatdırılması barədə razılığın əldə olunması oldu. Dövlət başçısı bu qərarın yeni investisiya layihələrinin reallaşmasına güclü təkan verəcəyini bildirərək qeyd etdi:
“Bu gün biz birgə Azərbaycan–Qırğız İnvestisiya Fondunun maliyyə vəsaitinin iki dəfə – 200 milyon dollara qədər artırılması barədə razılıq əldə etdik. Əminəm ki, bu da son hədd deyil.”
Səfər çərçivəsində İssık-Kul gölünün sahilində Azərbaycan dövlətinin maliyyə dəstəyi ilə inşa edilən və “Bakı” adını daşıyan beşulduzlu hotelin açılışı da iki ölkə arasındakı dostluğun daha bir simvoluna çevrildi. Bu layihə Azərbaycanın Qırğızıstanda həyata keçirdiyi ən nüfuzlu investisiya təşəbbüslərindən biri kimi qiymətləndirilir.
44 günlük Vətən müharibəsində qazanılan tarixi Zəfərdən sonra Qarabağ və Şərqi Zəngəzurda aparılan genişmiqyaslı bərpa-quruculuq işlərinə qardaş Qırğızıstanın verdiyi dəstək xüsusi əhəmiyyət daşıyır. Ağdam rayonunda inşa edilən və “Manas” adını daşıyan məktəb bu qardaşlığın parlaq nümunəsidir. Prezident İlham Əliyev bununla bağlı bildirib:
“Ağdam bölgəsində Manasın adını daşıyan məktəb qardaşlığımızın daha bir rəmzidir. Qarabağın bərpasına göstərilən köməyə görə daim minnətdarlığımızı bildiririk.”
Azərbaycan və Qırğızıstanı yalnız siyasi maraqlar deyil, həm də ortaq tarix, mədəniyyət və mənəvi dəyərlər birləşdirir. Bakıda görkəmli qırğız yazıçısı Çingiz Aytmatovun abidəsinin və adını daşıyan parkın açılması, Bişkekdə isə Qırğızıstan–Azərbaycan Dostluq Parkının yaradılması xalqlarımız arasında dostluğun əbədiliyini nümayiş etdirən mühüm layihələrdir.
Səfər çərçivəsində qarşılıqlı ali dövlət təltiflərinin təqdim olunması da münasibətlərin yüksək səviyyəsinin göstəricisi oldu. Prezident İlham Əliyev Qırğız Respublikasının ali dövlət mükafatı – I dərəcəli “Manas” ordeni ilə təltif edildi. Qırğızıstan Prezidenti Sadır Japarov isə Azərbaycanın ən ali dövlət təltifi olan “Heydər Əliyev” ordeninə layiq görüldü.
31 iyul 2026-cı il tarixli dövlət səfəri bir daha sübut etdi ki, Azərbaycan ilə Qırğızıstan arasında münasibətlər yalnız qardaşlıq prinsiplərinə deyil, həm də qarşılıqlı etimad, strateji maraqlar və ortaq gələcək baxışına əsaslanır. Bu əməkdaşlıq Türk dünyasının birliyinin möhkəmləndirilməsi, regional sabitliyin təmin olunması və iqtisadi inteqrasiyanın dərinləşdirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.

Anar İsgəndərov
Milli Məclisin deputatı