backend

Müşfiq Cəfərov: “Azərbaycan dili milli kimliyimizin və mənəvi irsimizin ən böyük dayağıdır”

Avqustun 1-i Azərbaycanda Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü kimi qeyd olunur. Bu əlamətdar tarix ümummilli lider Heydər Əliyevin 2001-ci il 9 avqust tarixli Fərmanı ilə təsis edilib.
Bu barədə Milli Məclisin deputatı Müşfiq Cəfərov bildirib.
Deputat qeyd edib ki, Ulu Öndər Heydər Əliyev bu Fərmanı latın qrafikalı Azərbaycan əlifbasına keçidin 2001-ci ilin avqustunda ölkə üzrə tam başa çatmasını nəzərə alaraq imzalayıb. Onun sözlərinə görə, bu addım müstəqil Azərbaycanın ictimai-siyasi həyatında, milli-mədəni inkişafında və yazı mədəniyyətimizin tarixində mühüm dönüş nöqtəsi olub.
Müşfiq Cəfərov vurğulayıb ki, Azərbaycan dilinin qloballaşmanın mənfi təsirlərindən qorunması, inkişaf etdirilməsi və gələcək nəsillərə saf şəkildə ötürülməsi istiqamətində Heydər Əliyevin həyata keçirdiyi siyasət mühüm tarixi əhəmiyyət daşıyır.
Deputat xatırladıb ki, Ümummilli Liderin 2001-ci il iyulun 18-də imzaladığı “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında”, eləcə də həmin il avqustun 9-da imzaladığı “Azərbaycan Əlifbası və Azərbaycan Dili Gününün təsis edilməsi haqqında” fərmanlar ana dilimizin qorunması və inkişafı sahəsində atılmış ən mühüm addımlardan olub.
O bildirib ki, 2003-cü il yanvarın 2-də Heydər Əliyevin Fərmanı ilə “Azərbaycan Respublikasında dövlət dili haqqında” Qanun qüvvəyə minib. Həmin qanunda dövlət dilinin tətbiqi, inkişafı və qorunması istiqamətində dövlətin əsas vəzifələri aydın şəkildə müəyyənləşdirilib.
Müşfiq Cəfərovun sözlərinə görə, 1 Avqust – Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü xalqımızın əsrlər boyu qoruyub yaşatdığı ana dilinə, milli düşüncəsinə, zəngin söz xəzinəsinə və mənəvi irsinə ehtiramın ifadəsidir. Deputat qeyd edib ki, Azərbaycan dili milli kimliyimizin, dövlətçiliyimizin və mənəvi birliyimizin əsas sütunlarından biri olaraq bundan sonra da qorunmalı və inkişaf etdirilməlidir.