backend

Xətaidə daha bir mübahisəli TİKİNTİ: Nəsrəddin Tusi küçəsində nə baş verir? - VİDEO

Bakının Xətai rayonu son illər qanunsuz tikinti iddiaları ilə tez-tez gündəmə gəlir. İndi isə oxşar narahatlıq Nəsrəddin Tusi küçəsində yaradılmış yeni tikinti meydançası ilə bağlı yaranıb. Ərazi hasarlanıb, tikinti üçün hazırlıq işləri aparılır və əldə olunan məlumata görə, burada dəmir konstruksiyadan ibarət kommersiya təyinatlı obyektin inşasına başlanılması planlaşdırılır.

Sakinlər haqlı olaraq soruşurlar: bu tikintinin sifarişçisi kimdir, layihəyə hansı dövlət qurumu icazə verib və tikinti qanunvericiliyin tələblərinə uyğundurmu?

İddialara görə, obyektin inşasında Xətai rayon Mənzil-Kommunal Təsərrüfat Birliyinin rəis müavini vəzifəsində çalışan İntiqam Cümşüdovun adının hallandığı bildirilir. Xətai Rayon İcra Hakimiyyətinin rəsmi internet səhifəsində də İntiqam Cümşüdovun həmin vəzifədə çalışdığı göstərilir.

Lakin bu mərhələdə vurğulamaq vacibdir ki, İntiqam Cümşüdovun bu tikintinin sahibi və ya sifarişçisi olması barədə rəsmi təsdiqlənmiş məlumat yoxdur. Adının hallanması araşdırılması zəruri olan iddiadır və aidiyyəti şəxslərin bununla bağlı mövqeyinin də öyrənilməsi vacibdir.

Diqqət çəkən başqa məqam isə odur ki, Xətai rayonu ilə bağlı qanunsuz tikinti iddiaları son aylarda müxtəlif media resurslarında da dəfələrlə gündəmə gətirilib.

Əgər tikinti həqiqətən qanuni əsaslarla aparılırsa, onda aşağıdakı sualların cavabı ictimaiyyət üçün açıq olmalıdır:

  • Tikintiyə icazə hansı qurum tərəfindən verilib?
  • Layihənin memarlıq və şəhərsalma sənədləri mövcuddurmu?
  • Obyekt hansı təyinat üzrə inşa edilir?
  • Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin elektron reyestrində bu layihə qeydiyyata alınıbmı?
  • Tikinti sahəsində qanunvericiliyin tələb etdiyi məlumat lövhəsi niyə görünmür?

Azərbaycanın şəhərsalma qanunvericiliyi tikinti işlərinə başlamazdan əvvəl tikinti meydançasının qanunla müəyyən edilmiş qaydada təşkil edilməsini və müvafiq tələblərə əməl olunmasını nəzərdə tutur.


Ümid edirik ki, aidiyyəti dövlət qurumları təqdim ediləcək video görüntüləri araşdıracaq, tikintinin hüquqi əsaslarını yoxlayacaq və ictimaiyyəti maraqlandıran suallara rəsmi cavab verəcəklər.


Qeyd: Bu yazıda yer alan İntiqam Cümşüdovla bağlı məlumatlar ictimaiyyət arasında səsləndirilən iddialara əsaslanır. Həmin şəxsin mövqeyini dərc etməyə və təqdim ediləcəyi təqdirdə onu eyni həcmdə dərc etməyə hazırıq. Bu, jurnalist etikasının və balans prinsipinin tələbidir.


Qaynarxett.az