backend

Masallıda məmur özbaşınalığı: Yol olan ərazi necə özəl mülkiyyətə çevrildi?

Masallı rayonunda baş verənlər artıq sadəcə bir məmur özbaşınalığı deyil, dövlətin qanunlarına, vətəndaşın haqqına və açıq-aşkar ədalətə qarşı edilən bir hörmətsizlikdir.  Rayon Əmlak Komitəsinin "Soltan” adında bir əməkdaşı var. Görünür, bu şəxs özünü Masallıda sözün əsl mənasında "sultan" zənn edir; istədiyi torpağı istədiyi adama satır, sənədlərlə manipulyasiya edir və dövlətin qanunlarını öz şəxsi maraqlarına qurban verir.

Lürən kənd sakini Əbilov Mahirin başına gələnlər bu saxtakarlıq maşınının necə işlədiyini bütün çılpaxlığı ilə ortaya qoyur. Vətəndaşın mülkiyyətində olan, yolun baş hissəsində yerləşən torpaq sahəsi qanunsuz yolla sənədləşdirilib satılıb. Ən gülünc və ikrahdoğuran məqam isə budur: 
Masallı Rayon İcra Hakimiyyəti və bələdiyyə əvvəlcə rəsmən bildirir ki, "bura yoldur". 
Amma cəmi 10 gün keçir, eyni qurumlar Soltan bəylə əlbir olub vətəndaşın üzünə dururlar ki, "yox, bu yol başqa vətəndaşındır".
İndi sual olunur: 10 gün ərzində xəritə dəyişdi, yoxsa qanun? 
Əlbəttə ki, heç biri. Dəyişən sadəcə Soltan bəyin saxta sənəd oyunlarıdır. Sənədlərlə bu cür oyun oynamaq, dövlətin möhrünü və kağızını öz şəxsi alverinə alət etmək hansı məsulliyyətə sığır?

Bir jurnalist olaraq bu məsələni yerində araşdırmaq üçün Soltan  bəyin yanına getdik. Qarşımıza çıxarılan mənzərə isə biabırçılığın son həddi idi: 
Soltan bəy bizə hələ çap aparatının istiliyi üstündə olan, qatı belə açılmamış təzə bir texpasport göstərir. Buradan açıq və kəskin sual veririk: 
Soltan bəy, vətəndaşın texpasportunun sizin masanızda, sizin əlinizdə nə işi var?
Biz Əmlak Komitəsinin Baş İdarəsinə müraciət etdik və oradan rəsmən bildirildi ki, həmin ərazi yoldur! 
Yaxşı, Baş İdarənin "yol" dediyi yeri Soltan bəy özünəmexsus hansı "qaranlıq variantlarla" sənədləşdirib sata bilib? 
Əgər Baş İdarə öz adından çıxarılan bu saxta sənədlərlə bir az maraqlansaydı, bu məsələ çoxdan həllini tapmışdı.
Amma suallar bununla bitmir. 
Bu böyüklükdə korrupsiya mexanizminə, göz qabağında olan bu saxtakarlığa Masallı Rayon Prokurorluğu niyə göz yumur? 
Məmur özbaşınalığı və rüşvət iddiaları bu qədər qabarıq olduğu halda, hüquq-mühafizə orqanları niyə susur? Bu sükutun arxasında ne durur?
Gələk vətəndaşların haqlı iddialarına və hamının bildiyi, amma ucadan deməyə çəkindiyi həqiqətlərə. Deyilənə görə, Soltan bəyin öz adına, qohum-əqrəbasının adına saysız-hesabsız mal-mülk, mülkiyyət var. 
Hətta Masallıda hamının "Sultanın bazarı" kimi tanıdığı böyük bir bazarın da ona məxsus olduğu bildirilir.
Dövlətin sıravi bir əmlak komitəsi əməkdaşının aldığı maaş bəllidir. Bəs soruşuruq: Bu nəhəng mülklərin, bazarların maliyyə mənbəyi nədir? 
Sultan bəy bu sərvəti hansı qanuni qazancla əldə edib? Bu sualın cavabını aidiyyəti qurumlar dərindən araşdırmalıdır.

Ölkə Başçısı, Ali Baş Komandan İlham Əliyev hər çıxışında məmur özbaşınalığına, korrupsiyaya qarşı amansız mübarizə aparılmasını tələb edir, vətəndaşların incidilməməsini tapşırır. 
Sultan bəy kəsimində olan məmurlar isə nəinki bu siyasətə zidd gedir, açıq-aşkar insanları dövlətdən və hakimiyyətdən narazı salmaqla məşğuldurlar. 
Sual olunur: 
Sultan bəyin Masallı sakinlərini bu həddə çatdırmaqda, süni narazılıq yaratmaqda məqsədi nədir? Bu hansı cəsarətdir?

Təbii ki, bütün bu iddialar və saxtakarlıq faktları məhkəmə müstəvisində qaldırılacaq. Lakin biz də media mənsubu olaraq oturub gözləmədik. 
Bütün bu faktlarla bağlı Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə rəsmi məktub ünvanlamışıq.

Bu özbaşınalıq, torpaq alveri və sənəd saxtakarlığı cəzasız qala bilməz. Əmlak Komitəsini öz şəxsi mülkünə çevirən Soltan  bəyin əməllərinə ən yüksək səviyyədə hüquqi qiymət verilməli, bu qanunsuzluqlara  son qoyulmalıdır!
Sima Babayeva