backend

Soltan Məmmədov: Prezident İlham Əliyevin Qırğızıstana dövlət səfəri Türk dünyasında yeni əməkdaşlıq modelinin əsasını qoyur

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Qırğızıstan Respublikasına həyata keçirdiyi dövlət səfəri iki qardaş ölkə arasında strateji tərəfdaşlığın daha da möhkəmlənməsi ilə yanaşı, Türk dünyasında və Mərkəzi Asiyada yeni geosiyasi əməkdaşlıq modelinin formalaşması baxımından mühüm tarixi əhəmiyyət daşıyır.

Bu fikirləri Milli Məclisin deputatı Soltan Məmmədov səsləndirib.

Deputat bildirib ki, səfər çərçivəsində əldə olunan nəticələr ortaq tarixə, dilə və milli-mənəvi dəyərlərə söykənən Azərbaycan–Qırğızıstan münasibətlərinin artıq daha dərin və institusional strateji tərəfdaşlıq mərhələsinə qədəm qoyduğunu nümayiş etdirir.
Onun sözlərinə görə, Azərbaycan–Mərkəzi Asiya əməkdaşlığının yeni mərhələsinin əsas siyasi sənədlərindən biri olan Çolpon-Ata Bəyannaməsi qarşılıqlı etimadın möhkəmləndirilməsi, regional təhlükəsizliyin gücləndirilməsi, nəqliyyat-logistika əlaqələrinin genişləndirilməsi, iqtisadi inteqrasiyanın dərinləşdirilməsi, enerji, investisiya və humanitar əməkdaşlığın inkişafı baxımından mühüm strateji yol xəritəsidir.
“Çolpon-Ata Bəyannaməsi Azərbaycan ilə Mərkəzi Asiya dövlətləri arasında əməkdaşlığın gələcək inkişaf istiqamətlərini müəyyən edən mühüm siyasi platformadır. Bu sənəd eyni zamanda Avrasiya məkanında qarşılıqlı faydalı əməkdaşlığın genişlənməsinə mühüm töhfə verəcək”, – deyə deputat qeyd edib.
Soltan Məmmədov vurğulayıb ki, səfərin ən əlamətdar hadisələrindən biri dövlət başçılarına təqdim olunan ali dövlət mükafatları olub.
Onun sözlərinə görə, Prezident İlham Əliyevin Qırğız Respublikasının ali dövlət təltifi – I dərəcəli “Manas” ordeni ilə təltif edilməsi dövlət başçısının Türk dünyasının həmrəyliyinin möhkəmləndirilməsi, regional əməkdaşlığın genişləndirilməsi və qardaş xalqlar arasında dostluq münasibətlərinin inkişafına verdiyi müstəsna töhfələrə verilən yüksək qiymətin ifadəsidir.
Deputat əlavə edib ki, Qırğızıstan Prezidenti Sadır Japarovun Azərbaycanın ali dövlət mükafatı – “Heydər Əliyev” ordeni ilə təltif olunması isə dövlətlər arasında qarşılıqlı hörmət və etimadın ən yüksək səviyyədə olduğunun bariz göstəricisidir.
Millət vəkili qeyd edib ki, Prezident İlham Əliyevin uzaqgörən siyasəti nəticəsində Azərbaycan bu gün Türk dünyasının inteqrasiyasını təşviq edən əsas mərkəzlərdən birinə çevrilib, Mərkəzi Asiya ilə Cənubi Qafqaz arasında etibarlı körpü rolunu oynayır və qlobal enerji, nəqliyyat təhlükəsizliyinə mühüm töhfələr verən nüfuzlu dövlət kimi çıxış edir.
Sonda Soltan Məmmədov bildirib ki, Prezident İlham Əliyevin Qırğızıstana dövlət səfəri, imzalanan sənədlər, qarşılıqlı ali dövlət təltifləri və Çolpon-Ata Bəyannaməsində əksini tapan hədəflər Azərbaycan–Qırğızıstan münasibətlərinin, eləcə də Azərbaycan–Mərkəzi Asiya əməkdaşlığının gələcək inkişafına güclü təkan verəcək, Türk dünyasının birliyini və həmrəyliyini daha da möhkəmləndirəcək.