Qaynarxett.az xəbər verir ki, bunu Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü ilə bağlı xalqa təbrikində Milli Cəbhə Partiyasının (MCP) başqanı, deputatı Razi Nurullayev deyib.
“Dövlət Dili Uğrunda Mübarizə Və Tarixi Təşəkkül”
Millət vəkili Azərbaycan dilinin dövlət dili kimi formalaşması yolunda atılan tarixi addımlara diqqət çəkib:
“Mürəkkəb siyasi şəraitə və ideoloji təzyiqlərə rəğmən, xalqımız və ziyalılarımız ana dilinin dövlət dili kimi yaşamaq hüququ uğrunda ardıcıl mübarizə aparıblar. 1978-ci il Konstitusiyasında Azərbaycan dilinin dövlət dili kimi təsbit olunması, müstəqillik dövründə isə 1995-ci il Əsas Qanunu ilə bu statusun möhkəmləndirilməsi, latın qrafikalı əlifbaya tam keçid dövlətçilik tariximizin mühüm qələbələridir. 1 Avqust gününün təsisi isə dilimizə verilən milli-hüquqi dəyərin bariz göstəricisidir”.
Deputat modernləşən dünyada dövlət dilinin qorunmasının strateji əhəmiyyətini vurğulayıb:
“Bu gün Azərbaycan dili dövlət qayğısı ilə əhatə olunub, elektron məkanda və kütləvi nəşrlərdə geniş tətbiq edilir. Lakin qloballaşma dövründə dilimizin saflığını təmin etmək, onu yad təsirlərdən və lüzumsuz xarici kəlmələrdən qorumaq prioritet vəzifədir. Çünki dilin zədələnməsi milli kimliyin sarsılmasına gətirib çıxara bilər. Azərbaycan dili öz ifadə imkanları ilə zəngin və tam müstəqil bir dildir. Bu əlamətdar gün münasibətilə xalqımızı ürəkdən təbrik edir, ana dilimizin daim ucalmasını və dövlətçilik ənənələrimizin sarsılmaz olmasını arzulayıram”.








