backend

Bakı-Bişkek münasibətləri məzmun və miqyas baxımından əhəmiyyətli dərəcədə inkişaf edib

Dövlətlər arasında müttəfiqlik münasibətləri birdən-birə yaranmır. Bu, illər boyu formalaşan qarşılıqlı etimadın və strateji maraqların üst-üstə düşməsinin məntiqi nəticəsidir. Prezident İlham Əliyevin Qırğız Respublikasına dövlət səfəri zamanı Çolpon-Ata şəhərində keçirilən görüşlərin əsas nəticəsi kimi tərəflər arasında imzalanan müttəfiqlik münasibətləri haqqında Müqaviləyə ikitərəfli əməkdaşlığın ardıcıl inkişafının məntiqi yekunu kimi baxılmalıdır.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Sevinc Fətəliyeva deyib.

S.Fətəliyeva bildirib ki, son illər Bakı ilə Bişkek arasında münasibətlər həm məzmun, həm də miqyas baxımından əhəmiyyətli dərəcədə inkişaf edib. Dövlət başçıları səviyyəsində intensiv dialoq, parlamentlərarası əməkdaşlığın genişlənməsi, iqtisadi əlaqələrin gücləndirilməsi və beynəlxalq təşkilatlar çərçivəsində mövqelərin uzlaşdırılması münasibətlərin yeni mərhələyə yüksəlməsi üçün zəmin yaradıb.
Deputat münasibətlərin məhz indi müttəfiqlik səviyyəsinə qaldırılmasını Avrasiya məkanında baş verən geosiyasi dəyişikliklərlə əlaqələndirib. Onun sözlərinə görə, Mərkəzi Asiya son illər qlobal iqtisadi və siyasi proseslərdə çəkisi sürətlə artan regionlardan birinə çevrilib, dünya iqtisadiyyatındakı transformasiyalar və yeni logistika marşrutlarının formalaşması dövlətlər arasında uzunmüddətli tərəfdaşlıqların əhəmiyyətini artırıb. Bu kontekstdə diqqətə çatdırmaq yerinə düşər ki, Çolpon-Atada, ikitərəfli danışıqlarla paralel olaraq, Azərbaycan və Mərkəzi Asiya dövlətləri başçılarının qeyri-rəsmi görüşü də keçirilib, onun yekunları üzrə Çolpon-Ata Bəyannaməsi qəbul edilib. Bu, Azərbaycanın təkcə Qırğızıstanla deyil, bütövlükdə region dövlətləri ilə əməkdaşlığını sistemli əsaslar üzərində qurduğunu bir daha təsdiqləyir.
“Azərbaycan-Qırğızıstan İnkişaf Fondunun nizamnamə kapitalı 200 milyon dollara çatdırılması barədə razılaşma isə tərəflərin iqtisadi əməkdaşlığı strateji tərəfdaşlığın əsas dayaqlarından biri hesab etməsinin göstəricisidir. Həmçinin səfər çərçivəsində humanitar sahədə atılan addımlar xüsusi qeyd olunmalıdır. Şuşa ilə Çolpon-Ata, Qəbələ ilə Karakol və Gəncə ilə Oş şəhərləri arasında qardaşlaşma əlaqələrinin qurulması, habelə Qırğızıstanın dəstəyi ilə Ağdam rayonunun Xıdırlı kəndində inşa olunan Ayköl Manas adına tam orta məktəb iki xalq arasındakı mənəvi qohumluğun konkret nümunələridir”, -deyə o qeyd edib.
Milli Məclisin deputatı vurğulayıb ki, Azərbaycan-Qırğızıstan münasibətləri bərabərhüquqlu tərəfdaşlıq və qarşılıqlı hörmət prinsipləri üzərində qurulub və heç bir xarici təzyiqə və ya birtərəfli asılılığa əsaslanmır.
“Azərbaycan ilə Qırğızıstan arasında imzalanmış müttəfiqlik Müqaviləsinin əhəmiyyəti ikitərəfli münasibətlərin çərçivəsindən kənara çıxır. Bu sənəd iki ölkə arasında formalaşmış yüksək etimad səviyyəsini təsdiqləməklə yanaşı, müttəfiqliyin yalnız siyasi status deyil, həm də birgə inkişafı təmin edən praktik əməkdaşlıq mexanizmi olduğunu nümayiş etdirir”, - deyə Sevinc Fətəliyeva vurğulayıb.