Son illərdə Bakı ilə Bişkek arasında münasibətlər klassik diplomatik əməkdaşlıq çərçivəsini xeyli aşaraq strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib. Bu prosesin əsas hərəkətverici qüvvəsi dövlət başçıları arasında formalaşmış yüksək siyasi etimad və gələcəyə ortaq geosiyasi baxışdır.
Bunu AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Azər Kərimli söyləyib.
O bildirib ki, Mərkəzi Asiya artıq əvvəlki kimi yalnız böyük güclərin rəqabət meydanı deyil. Region qlobal logistika, enerji təhlükəsizliyi və ticarət marşrutlarının yenidən qurulduğu əsas geoiqtisadi mərkəzlərdən birinə çevrilir. Rusiya-Ukrayna müharibəsindən sonra ənənəvi şimal nəqliyyat marşrutlarının risklərinin artması Avropa ilə Asiyanı birləşdirən alternativ yolların əhəmiyyətini ciddi şəkildə yüksəldib. Bu şəraitdə Xəzər hövzəsi, Cənubi Qafqaz və Mərkəzi Asiya vahid geoiqtisadi məkan kimi formalaşmağa başlayır. Xəzərdən İssık-Kula qədər uzanan əməkdaşlıq zənciri artıq siyasi ideyadan praktik reallığa çevrilməkdədir. Bu prosesdə Azərbaycanın rolu xüsusi diqqət çəkir. Azərbaycan Xəzərin qərb sahilində yerləşən enerji və logistika mərkəzi kimi Mərkəzi Asiya ölkələrinin Avropa bazarlarına çıxışını təmin edən əsas qapıdır. Bakı Beynəlxalq Dəniz Ticarət Limanı, Bakı–Tbilisi–Qars dəmir yolu, inkişaf etmiş avtomobil infrastrukturu və Orta Dəhlizin digər komponentləri Qırğızıstan da daxil olmaqla bütün Mərkəzi Asiya dövlətləri üçün yeni iqtisadi imkanlar yaradır. Bu baxımdan, Azərbaycan yalnız tranzit ölkə deyil, həm də regional inteqrasiyanın təşkilatçılarından biridir.
“Qırğızıstan üçün Azərbaycan istiqaməti strateji əhəmiyyət daşıyır. Dənizə çıxışı olmayan ölkə kimi Bişkek xarici bazarlara çıxış imkanlarını şaxələndirməyə çalışır. Azərbaycan vasitəsilə Qırğızıstan məhsullarının Avropa və Qara dəniz bazarlarına daha sürətli çatdırılması mümkündür. Eyni zamanda, Azərbaycan investorları üçün də Qırğızıstan kənd təsərrüfatı, turizm, logistika, bərpaolunan enerji və sənaye sahələrində yeni əməkdaşlıq imkanları yaranır. İkitərəfli münasibətlərin mühüm xüsusiyyətlərindən biri onların yalnız iqtisadi maraqlarla məhdudlaşmamasıdır. Azərbaycan və Qırğızıstan ortaq tarixi, dil və mədəni yaxınlığı siyasi əməkdaşlığın mühüm dayağına çevirə biliblər. Dövlət başçılarının qarşılıqlı səfərləri, Türk Dövlətləri Təşkilatı çərçivəsində koordinasiya və beynəlxalq platformalarda qarşılıqlı dəstək münasibətlərin institusional əsaslarını daha da möhkəmləndirib. Xüsusilə Qarabağın bərpası istiqamətində Qırğızıstanın nümayiş etdirdiyi həmrəylik münasibətlərin keyfiyyətcə yeni mərhələyə keçdiyini göstərir”, - deyə A.Kərimli vurğulayıb.
Deputat əlavə edib ki, Prezident İlham Əliyevin Qırğızıstana səfəri həm də Azərbaycanın Mərkəzi Asiya siyasətinin ardıcıl şəkildə genişləndirildiyini nümayiş etdirir. Bakı son illər Qazaxıstan, Özbəkistan, Türkmənistan və Qırğızıstanla münasibətləri paralel şəkildə inkişaf etdirərək Xəzərin hər iki sahilində vahid əməkdaşlıq məkanı formalaşdırmağa çalışır. Bu siyasət yalnız Azərbaycan üçün deyil, bütövlükdə Türk dünyasının iqtisadi inteqrasiyası baxımından da strateji əhəmiyyət daşıyır. Yeni geosiyasi reallıqda Mərkəzi Asiya dövlətləri xarici siyasətdə daha çevik və çoxşaxəli yanaşma nümayiş etdirirlər. Onlar eyni vaxtda Türkiyə, Azərbaycan, Avropa İttifaqı, Çin və digər tərəfdaşlarla əməkdaşlığı genişləndirərək iqtisadi təhlükəsizliklərini möhkəmləndirməyə çalışırlar. Azərbaycan isə bu çoxvektorlu siyasətin əsas tərəfdaşlarından biri kimi çıxış edir. Ölkənin sabit siyasi sistemi, müasir nəqliyyat infrastrukturu, enerji potensialı və balanslaşdırılmış xarici siyasəti onu Mərkəzi Asiya üçün etibarlı tərəfdaşa çevirib.
Bütün bunlar göstərir ki, Prezident İlham Əliyevin Qırğızıstana səfəri yalnız ikitərəfli münasibətlərin inkişafına xidmət edən diplomatik hadisə deyil. Bu səfər Avrasiyanın yeni geoiqtisadi xəritəsində Azərbaycanın rolunun daha da gücləndiyini, Türk Dövlətləri Təşkilatının siyasi platformadan praktik iqtisadi əməkdaşlıq mexanizminə çevrildiyini və Xəzər hövzəsi ilə Mərkəzi Asiyanın vahid strateji məkan kimi formalaşdığını təsdiqləyən mühüm hadisədir.
OXŞAR XƏBƏRLƏR
banner / gundem / Siyasət
banner / gundem / Siyasət
banner / gundem / Siyasət
banner / gundem / Siyasət
banner / gundem / Siyasət
banner / gundem / Siyasət
banner / gundem / Siyasət
banner / gundem / Siyasət
banner / gundem / Siyasət
banner / gundem / Siyasət
banner / gundem / Siyasət







