Ucar rayon təhsilində baş verənləri araşdırmaq üçün media üzərindən xırda bir araşdırma aparanda dəhşətə gəldik.
60 yaşlı məktəb direktoru Tapdıq İsayev 8-ci sinifdə oxuyan məktəbli qızı dəfələrlə kabinetinə çağıraraq deyir ki, sinəni aç baxım. 8-ci sinifdə oxuyan qızın atası deyir ki, birinci dəfə qızımı tənəffüsdə otağına çağırıb, getməyib:
“Sonra dərs vaxtı adam göndərib ki, qızım otağına getsin. Qızım otağına gedəndə isə deyib ki, sənin atan səni oxutdurmayacaq. Mən səni oxutduracam, qiymətlərinin yazılmasına kömək edəcəm. Sonra da onun sinəsinə baxıb və deyib ki, sinəni aç. Qızım qorxub, otağından çıxıb. Olanları da ağlaya-ağlaya anasına danışıb. Məndən gizlədib ki, birdən gedib direktoru öldürərəm”.
Təsəvvür edirsiniz, 60 yaşlı məktəb direktoru nəvəsi yaşda şagirdə nələr deyir.
İndi görək, sonra nə baş verib..?
Qızın valideynləri Ucar Rayon Polis İdarəsinə, prokurorluğa müraciət ediblər.
Amma hüquq-mühafizə orqanları məktəb direktorunun günahı olmadığını SÜBUT ediblər.
Hətta Ucar rayon Təhsil Şöbəsinin müdiri Rauf Məmmədov mediaya verdiyi açıqlamada bildirib ki, məktəb direktoru fəaliyyətini davam etdirir.
Rauf Məmmədov haqqında birazdan bəhs edəcəyik.
Ucar təhsili ilə bağlı başqa bir xəbərdə 9-cu sinif şagirdinin intihara cəhd etməsindən bəhs edilir.
Məktəb direktorunun ona qarşı haqsız hərəkətlərindən bezən 9-cu sinif şagirdi özünü binadan ataraq intihara cəhd edib.
Başqa bir xəbərdən bəlli olur ki, Ucarda məktəbin tavanı şagirdlərin başına uçub.
Belə xəbərlərin sayı kifayət qədərdir.
Görün ölkə təhsili nə gündədir.
Hələ bu harasıdır..?
Başqa bir xəbərdən bəlli olur ki, Ucardakı Yuxarı Şilyan məktəbinin direktoru peçatı, möhürü, ştampı götürüb xarici ölkəyə qaçıb.
Və deyib ki, möhürü, ştampı heç kimə verəmərəm, mən bunları almaq üçün 2 min dollar pul vermişəm.
Belə ki, təqaüd vaxtı çatan məktəb direktoruna Rayon Təhsil Şöbəsinin müdiri Rauf Məmmədov deyib ki, 2 min dollar ver, səninlə müddətli müqavilə imzalayaq, qal işlə.
Və məktəb direktoru 2 min dollar verərək vəzifəsində qalıb. Amma…
Əmması odur ki, Rayon Təhsil Şöbəsinin müdiri Rauf Məmmədov həmin məktəb direktoru vəzifəsini başqasına 3 min dollara satmaq üçün məktəb direktoruna töhmət verib ki, təkrar müqavilə bağlamasın. Və məktəb direktoru ilə müqaviləni pozan Rauf Məmmədov inspektorları göndərib ki, gedin, məktəb direktorundan möhürü, peçatı alın gətirin.
Məktəb direktoru isə inspektorlara deyib ki, mən bu möhürü 2 min dollara SATIN almışam və heç kimə verəməyəcəm, SATIN alınan şey geri qaytarılmır.
Bunu eşidən Rayon Təhsil Şöbəsinin müdiri Rauf Məmmədovdan peçatı geri almaq üçün polisin gücündən istifadə etmək qərarına gəlib. Sabah Yuxarı Şilyan məktəbinə polis gələcəyini eşidən məktəb direktoru gecə peçat və ştampı da götürərək naməlum istiqamətdə yoxa çıxmışdır. Direktorun ailə üzvləri mediaya bildirib ki, müəllim ölkəni tərk etmişdir.
Kənd sakinləri mediaya bildirib ki, kənd camaatı məktəb direktorundan razı idi, gözü tox adam idi, məktəb üçün xeyli işlər görüb. Amma…
Əmması odur ki, təhsil şöbəsinin müdiri məktəb direktoru vəzifəsini hər il müxtəlif şəxslərə 2-3 min dollara satır.
Bütün Ucar sakinləri danışır ki, heç kim Rauf Məmmədovun öhdəsindən gələ bilmir. Bu adam üçün ancaq və ancaq pul pul yenə də pul.
Hətta Təhsil Nazirliyi də Rauf Məmmədovla bağlı heç bir tədbir görmür.
Bəs bu Rauf Məmmədov kimdir, nəçidir..?
Öncə onu qeyd edək ki, Təhsil Şöbəsinin müdiri Rauf Məmmədov Rayon İcra Hakimiyyətinin başçısı Mənsur Məmmədovun yaxın dostudur. Yəni sabiq nazir Ziya Məmmədovgilin tayfasındandır.
Rauf Məmmədovun normal ali təhsili də yoxdur.
Belə ki, Məmmədov Rauf Yasəf oğlu 1984-cü ildə Ucar rayonu Rəstəcə kəndində anadan olmuş, 2006-cı ildə Azərbaycan Müəllimlər İnstitunun Tarix fakultəsini bitirmişdir. 2007-2015-ci illərdə Ucar rayonu Qarabörk kənd tam orta məktəbində tarix müəllimi, 2015-ci ildən isə Ucar rayon Alpı kənd tam orta məktəbinin direktoru vəzifəsində çalışmışdır. Ucar Rayon İcra Hakimiyətinin başçısı cənab Mənsur Məmmədovun 10 fevral 2021-ci il 11 nömrəli əmrinə əsasən Məmmədov Rauf Yasəf oğlu Ucar Rayon Təhsil Şöbəsinin müdiri vəzifəsinə təyin olunmuşdur.
Görəsən, bu boyda cinayət əməllərini, əxlaqsızlığı təhsil naziri Emin Əmrullayev görmür..?
Yazıda müxtəlif saytların materiallarından istifadə edilmişdir.
Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq. //gundelik-baku.com//