backend

“Çörəyin bahalaşması qapıdadır” - Xəbərdarlıq edildi

Azərbaycanın məşhur un istehsalçısı olan “Karat Holdinq” MMC 2021-ci ili zərərlə başa vurub.

Bu barədə şirkətin açıqladığı illik hesabatda bildirilir.

Hesabaat əsasən, 2021-ci ildə “Karat Holdinq” MMC-nin satışdan gəlirləri 6,5 milyon manat və ya 8% azalaraq 2020-ci ildəki 82,5 milyon manatdan 75,9 milyon manata enib.

Bundan başqa, şirkətin 7,4 milyon manatlıq digər əməliyat gəlirləri də olub. 2020-ci ildə bu göstərici cəmi 14 min manat olmuşdu. Başqa sözlə, 2021-ci ildə şirkətin ümumi gəlirləri 83 358 min manat olub. Bu da əvvəlki ildən 880 min manat və ya təqribən 1% artıqdır. 2021-ci ildə “Karat Holdinq”in gəlirləri azalsa da, xərcləri artıb.

Belə ki, şirkətin material xərcləri 75 milyon manatdan 81,4 milyon manata yüksəlib. İşçi heyəti ilə bağlı xərclər isə 1 milyon 589 min manatdan 1 milyon 646 min manata yüksəlib. Nəticədə “Karat Holdinq” 2021-ci ili 1 milyon 367 min manat zərərlə başa vurub. Halbuki 2020-ci ildə şirkət 4 milyon 287 min manat xalis mənfəət əldə etmişdi.

Qeyd edək ki, cari ildə dünya taxıl bazarında ərzaq buğdası qıtlığı ilə yanaşı bahalaşma da davam edir. Əgər bu gün ölkəmizdə fəaliyyət göstərən ən məşhur un istehsalçısı olan “Karat Holdinq” MMC ziyanla işləyirsə, bu dalğanın daha da genişlənməsinə və nəticədə çörəyin bahalaşmasına gətirib çıxaracaqmı? Dia.az-ın məlumatına görə, iqtisadçı-ekspert Natiq Cəfərli Cebhe.info-ya bildirdi ki, ötən ilin sentyabr ayından dövlətin un istehsalçılarına verdiyi subsidiyalar yığışdırılıb:

“Tonuna 25 manat subsidiya verilirdi ki, bu da dayandırıldı. Un istehsalçıları taxılın baha olduğunu nəzərə alaraq ötən ilin sonundan başlayaraq ilkin mərhələdə qiymət artımına getdilər.

Bu ilin əvvəlindən də bu qiymət artımı davam etdi. Təəssüf ki, indi də növbəti dalğası gələ bilər. Çünki taxılın qiyməti dünya bazarında 440-460 dollar arasında dəyişir. Azərbaycan 75 faiz sifarişdən asılıdır. İstər-istəməz Azərbaycan gətirilən taxılın da maya dəyərinin artması unun qiymətinin bahalaşmasına, nəticədə çörəyin qiymətində də artıma səbəb olacaq.

Çox güman ki, yaxın zamanlarda subsidiya bərpa olunmasa, buna inam azdır və bununla da həm unun, həm çörəyin qiymətində növbəti artım dalğasını yaşaya bilərik.

“Karat Holdinq” MMC-nin taleyini digər firmalar da yaşaya bilər. Çünki başqa variant yoxdur. Əgər ən çox un istehsalçısı artıq ziyanla işləməyirsə bu digər dəyirmanlara da təsir göstərir. Təəssüf ki, çörəyin bahalaşması qapıdadır”.