backend

"Əvəz Zeynallının səs yazısı qeyri-qanuni yolla yazılıb və yayılıb"

Xəbər verdiyimiz kimi, “Xural TV”nin rəhbəri, jurnalist Əvəz Zeynallının həbsdə olan iş adamı Rasim Məmmədovun ailəsindən 20 min manat pul alması barədə iddialar irəli sürülüb. Bu barədə “haqqin.az” saytı məlumat yayıb. “Haqqin.az” saytının rəhbəri və baş redaktoru Eynulla Fətullayev şəxsi “YouTube” kanalında Ə.Zeynallının rüşvət alması iddiaları ilə bağlı səs yazısı da yayıb.
Yeniavaz.com
 xəbər verir ki, telefon danışıqları məlumatları sirrinin pozulması Azərbaycanda cinayət məsuliyyətinə səbəb olur.
Belə ki, bu, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 155-ci maddəsində öz əksini tapıb:
“Maddə 155. Yazışma, telefon danışıqları, poçt, teleqraf və digər məlumatların sirrini pozma:
Yazışma, telefon danışıqları, poçt, teleqraf və digər məlumatların sirrini pozma - min manatdan iki min manatadək miqdarda cərimə və ya bir ilədək müddətə islah işləri ilə cəzalandırılır”.
Məsələ ilə bağlı təhlükəsizlik məsələləri üzrə ekspert Ərəstun Oruclu da sosial şəbəkə hesabında paylaşım edib:
“Paradokslar ölkəsində yaşayırıq və bunun günahkarı da özümüzük. Bunu bilərəkdən bir sutka gözləyib yazıram:
Demək, bir media resursu başqa bir həmkarının (əslində isə vətəndaşın) telefon danışığını yayır və üstəlik də vəkili (digər vətəndaşı) “Sənin də səs yazını yayaram!” deyə təhdid edir.
Digər bir media resursu bununla bağlı Baş Prokurorluğa sorğu verir (onun hansı kontekstdə olması açıqlanmır), prokurorluqdan isə sorğuya cavab olaraq bildirilir ki, cinayət faktı haqqında mediada dərc edilmiş və səsləndirilmiş hər bir məlumat prokurorluq orqanları tərəfindən araşdırılır. Necə deyərlər, çox əcəb, çox pakizə.
Hərçənd, səhv etmirəmsə, söhbət bir ilə yaxın mediada durmadan yayılan və Tərtərdə törədilmiş kütləvi vəhşiliklərə, qətllərə susqunluq göstərmiş prokurorluq orqanlarından gedir. Hesab edək ki, həmin dövrdə prokurorluq orqanlarında işləyənlərin kütləvi görmə və eşitmə problemləri olub və bunun üstündən keçək.
Bu gün isə Baş Prokurorluğa xatırladıram ki:
Azərbaycan Respublikasının Cinayət Məcəlləsi 155-ci maddəsinə əsasən yazışma, telefon danışıqları, poçt, teleqraf və digər məlumatların sirrini pozmaq qadağan edilir:
Yazışma, telefon danışıqları, poçt, teleqraf və digər məlumatların sirrini pozma min manatdan iki min manatadək miqdarda cərimə və ya bir ilədək müddətə islah işləri ilə cəzalandırılır.
Odur ki, “cinayət faktı haqqında mediada dərc edilmiş və səsləndirilmiş hər bir məlumatı araşdıran” mötəbər prokurorluq orqanlarından Əvəz Zeynallının telefon danışığının qeyri-qanuni yolla yazılması və yayılması ilə bağlı təhqiqata başlamağı xahiş edirəm”

Ə.Zeynallının səs yazısının media orqanı tərəfindən yayılması barədə Baş Prokurorluğa sorğu göndərdik. Prokurorluqdan Yeniavaz.com-un sorğusuna belə cavab verildi:
“Cinayət faktı haqqında mediada dərc edilmiş və səsləndirilmiş hər bir məlumat prokurorluq orqanları tərəfindən araşdırılır”.
“Haqqin.az” saytının daha əvvəl yaydığı səs yazısını təqdim edirik:
Qeyd edək ki, jurnalist Ə.Zeynallı haqqında səsləndirilən iddialarla bağlı açıqlama verib.