backend

Pensiya yeniliyi haçan qüvvəyə minir?

Milli Məclisin əmək və sosial siyasət komitəsinin 23 yanvar iclasında “Əmək pensiyaları haqqında” qanuna dəyişiklik layihəsi müzakirə olunub. Plenar iclasa tövsiyə olunan layihə minimum pensiyanın fevralın 1-dən 280 manata yüksəlməsini nəzərdə tutur.

2022-ci il yanvarın 1-dən əmək pensiyasının minimum məbləği 240 manatdır. Prezident İlham Əliyevin 5 yanvar 2023-cü il sərəncamında əmək pensiyasının minimum məbləğini 280 manata qaldırmaq tapşırığı yer almışdı.

Novator.az bildirir ki, ilkin rəsmi statistikaya görə, 2023-cü ilin əvvəlinə ölkədə 1 milyon 115 min nəfərə yaxın pensiyaçı qeydiyyata alınıb.
Ölkədə kişilər 65, qadınlar 63 yaşda pensiyaya çıxır. 2027-ci il iyulun 1-dək qadınların da pensiya yaşı 65-ə qalxacaq.

Pensiyaya çıxmaq üçün ya 25 il sığorta stajı, ya da minimum pensiya kapitalı (2023-cü il üçün 40320 manat) tələb olunur.

2006-cı il yanvarın 1-dən 2018-ci il iyulun 1-dək hər hansı məbləğdə pensiya kapitalı toplamış şəxsin sosial sığorta stajı avtomatik 25 il hesablanır.

Əks halda pensiya yaşı çatan şəxsə yaşa görə müavinət verilir.

Yaşa görə müavinətin məbləği 2023-cü il yanvarın 1-dən 220 manatdır.

2023-cü ildən bütün pensiyalar orta aylıq nominal əməkhaqqının illik artım tempinə uyğun indeksləşdiriləcək. Dövlət Statistika Komitəsi 2022-ci ilin yanvar-noyabr aylarında muzdlu işçilərin orta aylıq nominal əməkhaqqı əvvəlki ilin eyni dövrünə nisbətən 14,6 faiz artıb. İllik yekun rəqəm fevral ayında açıqlanacaq.