backend

Xəzər rayonundakı 340 saylı uşaq bağçasında nələr baş verir..? – Bağçanın müdirəsi Gülnar Qəmbərova uşaqların yeməyinə də tamah salır…

Gülnar Qəmbərovanın qaynatası Buzovnanın yarısını zəbt edib… Uşaq bağçaları ilə də bağlı da problemlər bitib tükənmək bilmir. Vaxtilə uşaq bağçalarını Təhsil Nazirliyindən alıb  Rayon İcra Hakimiyyətlərinə tabe edəndə hamı düşünürdü ki, nəhayət körpələr evinin, uşaq  bağçalarının maddi-texniki bazası güclənəcək və problemlər həllini tapacaq.

Amma təəssüf ki, belə olmadı. Bir çox icra başçıları uşaq bağçalarını rüşvət, korrupsiya, biznes obyektinə çevirdilər. Bəli, icra başçıları bağça müdirləri ilə şərik olub, uşaqlara ayrılan ərzaq məhsullarını satıb mənimsəyirdilər. Bu azmış kimi, uşaq bağçalarının təmirinə, avadanlıqlarının alınmasına ayrılan dövlət vəsaiti də mənimsənilirdi. Bu hələ harasıdır..? Uşaq bağçaları  “ölü canlar”  məkanına çevrilmişdi. Uşaq bağçalarında müəllim və dayələrin sayı kağız üzərində çox olsa da bir çoxu işə çıxmırdı. Onların maaşlarını isə icra hakimiyyəti ilə bağça müdirələri bölürdü. Belə problemlərin sayını kifayət qədər artırmaq olar. Amma nə faydası..?
Sözün qısası, neçə ilin eksperimentindən sonra uşaq bağçaları yenidən Təhsil Nazirliyinin tabeçiliyinə qaytarıldı. Və yenə hamı düşünür ki, bəlkə də vəziyyət düzəldi. Amma atalar deyib ki, bəlkəni əkiblər, bitməyib.
Bəli, indi oxuculara təqdim edəcəyimiz  340 saylı bağçanın nümunəsində görəcəksiniz ki, vəziyyət daha da pisləşib.
Belə ki, Xəzər rayonu, Buzovna qəsəbəsinin  Albalılıq yaşayış massivində yerləşən 340 nömrəli körpələr evi-uşaq bağçası Heydər Əliyev Fondunun “Məktəbəqədər təhsil müəssisələrinin inkişafı” proqramı çərçivəsində inşa edilib. 2015-ci il noyabrın 23-də Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva körpələr evi-uşaq bağçasının açılışında iştirak edib. Bina ikimərtəbəlidir. Müəssisə zəruri avadanlıqlarla təchiz edilib, hovuz, musiqi otağı, idman zalları yaradılıb, bağçanın həyətində yaşıllıqlar salınıb, əyləncə vasitələri quraşdırılıb. 10 qrupun fəaliyyət göstərdiyi körpələr evi-uşaq bağçasında 200 uşağa qayğı göstərilir.
Fikir verdinizmi, uşaq bağçası bir başa dövlət dəstəyi ilə  tikilb, dövlətin hesabına bütün avadanlıqlarla təchiz olunub. Ölkənin Birinci xanımı açılşda iştirak edib. Bəs nə çatışmır ki, bağçanın müdirəsi Qəmbərova  Gülnar Tarıyel qızı hər ay, hər uşaqdan 30-40 manat pul yığır. Bağçadakı 200 uşağın  sayını bu rəqəmə vursaq, ayda 6000-8000 manat pul eləyir.
Görəsən, dövlətə məxsus  bu uşaq bağçasına görə, Gülnar Qəmbərova nə üçün hər ay uşaqlardan pul yığır ?
Siz elə bilirsiniz ki, 6000-8000 min manatla problem bitir..? Gülnar Qəmbərova uşaqlara ayrılan ərzaq məhsullarının yarıdan çoxunu satdırır. Və uşaqlara içərisində 2-3 vermişelin üzdüyü sudan ibarət sup verir. Yəni körpə balaların  qidalanması lap bərbad vəziyyətdədir. Düzgün qıdalanmadığı üçün uşaqlar tez-tez xəstələnir. Və digər problemlər.
Məlumat üçün onu da qeyd edək ki, Gülnar Qəmbərova o qədər savadsızdır ki, uşaq bağçasını onun anası idarə edir. Görəsən, belə savadsız birisi necə bağça müdirəsi olub.
Məlumata görə, Gülnarın qaynatası Azərbaycanda ən varlı şəxslərdən biridir, Buzovnadakı bahalı torpaq sahələrinin çoxu ona məxsusdur. Bəli, Gülnarın qaynatası əvvəllər Xəzər Rayon İcra Hakimiyyətində işləyib və vəzifə salahiyyətlərindən istifadə edərək böyük sərvət və torpaq sahibinə çevrilib. Amma bu boyda sərvətə baxmayaraq Gülnar Qəmbərova uşaqların yeməyinə də tamah salır. Görəsən Xəzər rayon icra Hakimiyyəti, Təhsil Nazirliyi və digər  qurumlar bu cinayətləri görmür..?
Qarşı tərəfin mövqeyini dərc etməyə  hazırıq. (Gündəlik Bakı)