Hər il 31 mart tarixinin Azərbaycan Respublikasında dövlət səviyyəsində Azərbaycanlıların Soyqırımı Günü kimi qeyd olunması xalqımızın tarixi yaddaşının qorunması və 1918-ci ildə baş vermiş qanlı hadisələrin beynəlxalq ictimaiyyətə çatdırılması baxımından mühüm əhəmiyyət daşıyır. 1998-ci ildə imzalanmış “Azərbaycanlıların soyqırımı haqqında” Fərman bu istiqamətdə aparılan sistemli dövlət siyasətinin əsasını qoydu. Ulu Öndər Heydər Əliyevin qeyd etdiyi kimi, xalqımıza qarşı törədilmiş soyqırımı siyasətinin həqiqətləri yalnız müstəqillik dövründə dünya ictimaiyyətinə geniş şəkildə çatdırılmağa başlanmışdır.
Tarixi faktlar göstərir ki, azərbaycanlılara qarşı zorakılıq və etnik təmizləmə siyasəti uzun illər ərzində planlı şəkildə həyata keçirilmiş, xüsusilə 1918-ci ilin mart-aprel aylarında baş vermiş hadisələr bu siyasətin ən qanlı mərhələlərindən biri olmuşdur.
Azərbaycanlılara qarşı həyata keçirilmiş qırğınların ideoloji əsaslarından biri erməni millətçi dairələrinin irəli sürdüyü mifik “Böyük Ermənistan” ideyası idi. XIX əsrin əvvəllərindən başlayaraq Qarabağa, Zəngəzura və digər tarixi Azərbaycan torpaqlarına erməni əhalisinin köçürülməsi, demoqrafik vəziyyətin dəyişdirilməsi və azərbaycanlıların sıxışdırılması bu ideyanın həyata keçirilməsinə xidmət edirdi.
Prezident İlham Əliyevin vurğuladığı kimi, 1905 və 1918-ci illərdə baş vermiş kütləvi qırğınlar, Zəngəzurun Ermənistana verilməsi, 1948–1953-cü illərdə azərbaycanlıların deportasiyası və sonrakı hadisələr xalqımıza qarşı sistemli təcavüz siyasətinin ardıcıl mərhələlərini təşkil edir.
1918-ci ilin mart-aprel aylarında Bakı Sovetinin mandatı altında fəaliyyət göstərən daşnak-bolşevik silahlı dəstələri tərəfindən Bakı şəhərində və digər bölgələrdə dinc azərbaycanlı əhaliyə qarşı genişmiqyaslı qırğınlar törədildi. Tarixi mənbələrə əsasən, Bakı, Şamaxı, Quba, Qarabağ, Naxçıvan, Zəngəzur, Lənkəran, Salyan və digər ərazilərdə on minlərlə insan etnik və dini mənsubiyyətinə görə qətlə yetirildi. Bu hadisələr zamanı yaşayış məntəqələri dağıdıldı, məscidlər və mədəni abidələr məhv edildi, minlərlə insan öz doğma torpaqlarından didərgin salındı.
Hadisələrin miqyası göstərir ki, məqsəd yalnız hərbi qarşıdurma deyil, mülki azərbaycanlı əhalinin sistemli şəkildə məhv edilməsi olub.
Şamaxıda törədilmiş qırğınlar xüsusi qəddarlığı ilə seçilir. Tarixi araşdırmalara görə, şəhər və ətraf kəndlərdə minlərlə insan qətlə yetirilib, yüzlərlə kənd dağıdılıb. Fövqəladə İstintaq Komissiyasının materialları bu cinayətlərin planlı şəkildə həyata keçirildiyini sübut edir. Quba qəzasında yüzlərlə kənd dağıdılıb, minlərlə insan öldürülüb. 2007-ci ildə aşkar edilən kütləvi məzarlıq həmin hadisələrin real tarixi faktlarla təsdiq olunmasına mühüm sübutdur.
1918–1920-ci illərdə həmçinin İrəvan quberniyasında da yüzlərlə azərbaycanlı kəndi məhv edilib, on minlərlə insan qətlə yetirilib və ya qaçqın düşüb. Bu hadisələr regionun etnik tərkibinin süni şəkildə və zorla dəyişdirilməsi siyasətinin tərkib hissəsi idi.
1998-ci ildə Ulu Öndər Heydər Əliyev tərəfindən imzalanan “Azərbaycanlıların soyqırımı haqqında” Fərman və sonrakı illərdə həyata keçirilən tədbirlər nəticəsində
arxiv materialları araşdırıllb,
yeni elmi əsərlər yazılıb,
beynəlxalq ictimaiyyətə faktlar təqdim olunub.
2018-ci ildə 1918-ci il soyqırımının 100 illiyi ilə bağlı olaraq prezident İlham Əliyev tərəfindən imzalanan Sərəncam isə bu istiqamətdə fəaliyyətin daha da genişləndirilməsinə xidmət etməkdədir. Quba kütləvi məzarlığının aşkar edilməsi və ardınca
Quba Soyqırımı Memorial Kompleksinin yaradılması isə bu faciənin beynəlxalq səviyyədə tanıdılması və tarixi həqiqətlərin sübut olunması baxımından mühüm rol oynayır.
Tarixi həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması hər bir azırbaycanlının mənəvi borcudur. Bu, soyqırımı qurbanlarının xatirəsinə ehtiramın və tarixi ədalətin bərpasının vacib şərtidir.
Jalə Əliyeva
Milli Məclisin deputatı
OXŞAR XƏBƏRLƏR
banner / gundem / Siyasət
Siyasət
banner / gundem / Siyasət
banner / gundem / Siyasət
banner / gundem / Siyasət
banner / gundem / Siyasət
banner / gundem / Siyasət
banner / gundem / Siyasət
gundem / Siyasət
Siyasət




