“Erməni millətçilərinin mifik “Böyük Ermənistan” ideyasını həyata keçirmək üçün uzun illər ərzində tətbiq etdikləri zorakılıq və etnik təmizləmə siyasəti Azərbaycan xalqı üçün böyük faciələr doğurmuşdur. Tarixdə ən dəhşətli olaylardan biri 1918-ci ilin mart-aprel aylarında baş vermiş kütləvi qırğınlardır. Bakı Soveti və daşnak-bolşevik silahlı dəstələrinin iştirakı ilə törədilmiş bu hadisələrdə dinc əhali – qadın, uşaq və qoca demədən – xüsusi qəddarlıqla qətlə yetirilmiş, on minlərlə insan öz torpaqlarından zorla didərgin salınmışdır. Həmin dövrdə yalnız Bakı şəhəri deyil, Qarabağ, Naxçıvan, Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Salyan, Zəngəzur və digər bölgələr də faciədən sarsılmışdır. Qırğınların miqyası dəhşət doğurur. 1918-ci ilin martın 30-dan aprelin 3-dək olan dövrdə on minlərlə azərbaycanlı öldürülmüş, insanların yaşadıqları məhəllələr dağıdılmış, mədəniyyət abidələri, məscidlər və qəbiristanlıqlar yerlə-yeksan edilmişdir. Eyni zamanda, minlərlə ləzgi, yəhudi, rus, avar və talış mənşəli insan da bu amansızlıqdan zərər görmüşdür. Kütləvi məzarlıqlarda tapılmış insan sümükləri göstərir ki, qətlə yetirilənlər balta və digər küt alətlərlə öldürülmüş, bəzilərinin başları xəncərlə bədəndən ayrılmış, mismarlardan istifadə olunmuşdur. Bu, erməni cəlladlarının törətdiyi vəhşiliyin sərhədsiz olduğunu bir daha sübut edir.”
Bu sözləri Milli Məclisin deputatı Azər Kərimli 31 mart “Azərbaycanlıların Soyqırımı Günü” ilə bağlı açıqlama verərkən deyib.
Millət vəkili Sovet dövründə baş verənlərin həqiqi miqyasını gizlətmək məqsədilə bir çox ilkin mənbələrin məhv edildiyini və bu səbəbdən xüsusilə Şamaxı hadisələrinin araşdırılmasının hələ də davam etdiyini bildirib: “Əslində baş vermiş qətliamın tam mənzərəsi bu günə qədər dəqiq məlum deyil. Yerli tədqiqatçılar qeyd edirlər ki, bu və digər bölgələrdə baş vermiş kütləvi qırğınlar yalnız Azərbaycan xalqına deyil, həm də ölkə ərazisində yaşayan digər xalqlara qarşı yönəlmişdir. 1918-ci ilin mart hadisələri yalnız milli və dini mənsubiyyətə görə dinc əhaliyə qarşı törədilmiş soyqırımı kimi tarixdə qeyd olunmalıdır. Ermənilər bu cinayətləri öz siyasətlərinin bir hissəsi kimi açıq şəkildə etiraf ediblər. Tarixçi Yervand Lalayan qeyd edir ki, daşnak hökumətinin 30 aylıq hakimiyyəti dövründə Azərbaycan əhalisinin 60 faizi qətlə yetirilmişdir. Hətta cəllad Njdehin xatirəsinə 1989-cu ildə Qafanda ucaldılan abidənin açılış mərasimində qeyd olunmuşdur ki, “indi Ermənistanda bir nəfər də olsun azərbaycanlı qalmayıb.” Azərbaycan xalqına qarşı törədilmiş bu dəhşətli hadisələrin öyrənilməsi və soyqırımı kimi tanınması işinə böyük təkan 1998-ci il martın 26-da Ulu Öndər Heydər Əliyev tərəfindən imzalanmış “Azərbaycanlıların soyqırımı haqqında” Fərman olmuşdur. Həmin Fərmanla martın 31-i rəsmi olaraq “Azərbaycanlıların Soyqırımı Günü” elan edilmiş, 30 mart 1999-cu ildə tədbirlər planı təsdiq edilərək sistemli işə başlanmışdır. Bu təşəbbüslər sayəsində soyqırımı ilə bağlı yeni faktlar üzə çıxmış, Quba şəhərində kütləvi məzarlıq aşkar edilmiş və müasir dövr üçün tarixi ədalət təmin olunmuşdur. Dünya ictimaiyyəti qarşısında da Azərbaycanın prinsipial mövqeyi açıqdır: 1918-ci ilin mart-iyul aylarında erməni quldur dəstələrinin Azərbaycanın bütün ərazilərində törətdiyi soyqırımı hadisələri geniş şəkildə tədqiq edilməli, bu faciələrin xatirəsi əbədiləşdirilməlidir. Prezident İlham Əliyevin 2013-cü ildə Qubada Soyqırımı memorial kompleksinin açılışı zamanı bildirdiyi kimi, 50 mindən çox soydaşımız erməni faşizminin qurbanı olmuşdur. Hər il ölkəmizdə dövlət səviyyəsində qeyd olunan 31 Mart günü bu qanlı səhifəni unutmamaq və gələcək nəsillərə ötürmək üçün vacibdir. Beləliklə, 1918-ci ilin mart soyqırımı yalnız Azərbaycan tarixinin deyil, həm də bəşəriyyətin yaddaşında unudulmaz qanlı səhifə olaraq qalır. Bu faciə dərin tarixi dərslər verir, milli yaddaşın qorunmasının və ədalətin təmin edilməsinin nə qədər vacib olduğunu göstərir” – deyə, Azər Kərimli fikirlərini sona çatdırıb.
OXŞAR XƏBƏRLƏR
banner / gundem / Siyasət
banner / gundem / Siyasət
banner / gundem / Siyasət
banner / gundem / Siyasət
banner / gundem / Siyasət
banner / gundem / Siyasət
gundem / Siyasət
Sosial
gundem / Siyasət
gundem / Sosial






