backend

1918-ci ilin mart hadisələri: xalqımızın yaddaşına həkk olunmuş ağır faciə

Ruanda hadisələri, Yuqoslaviya qırğınları, Kambocada Pol Pot rejiminin törətdiyi cinayətlər kimi bəşəri faciələr dünya ictimaiyyəti tərəfindən tanınmış və beynəlxalq cinayət kimi qəbul olunmuşdur. Lakin özlərini  erməni millətçilərinin tarixin müxtəlif mərhələlərində azərbaycanlılara qarşı törətdikləri soyqırımı aktları hələ də beynəlxalq səviyyədə lazımi hüquqi-siyasi qiymətini tam şəkildə almamışdır.
Erməni millətçiləri uzun illər ərzində mifik “Böyük Ermənistan” ideyasını gerçəkləşdirmək məqsədilə regionda etnik təmizləmə, deportasiya və soyqırımı siyasəti yürütmüşlər. Bu siyasətin ən qanlı təzahürlərindən biri 1918-ci ilin mart-aprel aylarında Bakı Sovetinin mandatı altında fəaliyyət göstərən daşnak-bolşevik silahlı dəstələrinin törətdiyi qırğınlar olmuşdur.
1918-ci ilin mart-aprel aylarında Bakı şəhərində və Bakı quberniyasına daxil olan digər ərazilərdə on minlərlə dinc sakin yalnız etnik və dini mənsubiyyətinə görə qətlə yetirilmişdir. İnsanlar işgəncələrə məruz qalmış, qadınlar, uşaqlar və qocalar xüsusi qəddarlıqla öldürülmüşdür. 1918-ci ilin 30 mart – 3 aprel tarixlərində Bakı, Qarabağ, Naxçıvan, Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Salyan, Zəngəzur və İrəvan bölgələrində 30 mindən çox azərbaycanlı qətlə yetirilmiş, on minlərlə insan öz doğma torpaqlarından didərgin salınmışdır. Yaşayış məntəqələri dağıdılmış, məscidlər, qəbiristanlıqlar və mədəni abidələr yerlə-yeksan edilmişdir.
Bu qırğınlar zamanı yalnız azərbaycanlılar deyil, eyni zamanda ləzgi, yəhudi, rus, avar və talış millətlərinə mənsub insanlar da amansızcasına qətlə yetirilmişdir. İnsanlar diri-diri yandırılmış, milli memarlıq inciləri, məktəblər və xəstəxanalar dağıdılmışdır. Qırğınlarda Bakı Sovetinin 6 minlik silahlı qüvvəsi və “Daşnaksutyun” partiyasının 4 minlik dəstələri iştirak etmişdir. Onlar bolşeviklərin dəstəyi ilə azərbaycanlıların yaşadığı məhəllələrə qəfil hücumlar edərək mülki əhalini məhv etmişlər. Şamaxıda törədilmiş qırğınlar xüsusilə dəhşətli olmuşdur. Ekspertlərin rəyinə görə burada 7 mindən çox insan, o cümlədən 1653 qadın və 965 uşaq öldürülmüşdür. 1918-ci il iyulun 15-də yaradılmış Fövqəladə İstintaq Komissiyası Şamaxı qəzasında 120 kənddən 86-sının dağıdıldığını təsdiqləmişdir. Sonrakı araşdırmalar isə qətlə yetirilənlərin sayının daha yüksək – 14–16 min nəfərə qədər olduğunu göstərir. Quba qəzasında 4000-dən çox insan qətlə yetirilmiş, 122 kənd tamamilə dağıdılmışdır. 2007-ci ildə Qubada aşkarlanan kütləvi məzarlıq bu vəhşiliklərin canlı sübutudur. Burada 500-ə yaxın insanın qalıqları, o cümlədən çoxsaylı qadın və uşaq sümükləri tapılmışdır. Aparılan araşdırmalar bu insanların 1918-ci il soyqırımı qurbanları olduğunu təsdiqləmişdir. Qubada aşkar olunan kəllə sümüklərində güllə izlərinin olmaması göstərir ki, qurbanlar küt alətlərlə – balta və xəncərlə öldürülmüşdür. Bəzi hallarda insanların başına mismar vurulmuş, cəsədlər quyulara və su arxlarına doldurularaq torpaqla örtülmüşdür. Bu faktlar törədilən vəhşiliyin həddini açıq şəkildə nümayiş etdirir. 1918–1920-ci illərdə İrəvan quberniyasında 199 kənd dağıdılmış, 135 min azərbaycanlı məhv edilmişdir. Zəngəzurda isə 115 kənd yerlə-yeksan edilmiş, 10 mindən çox insan öldürülmüş, 50 min nəfər qaçqın düşmüşdür. Qarabağın dağlıq hissəsində isə 150 kənd dağıdılmışdır. Erməni tarixçisi Yervand Lalayan yazırdı: “Daşnak hökuməti özünün 30 aylıq hakimiyyəti dövründə Azərbaycan əhalisinin 60 faizini qırmışdır.” Bu kimi etiraflar törədilən cinayətlərin miqyasını bir daha təsdiqləyir.
Yalnız müstəqillikdən sonra bu hadisələrə obyektiv qiymət verilməsi mümkün olmuşdur. Ulu Öndər Heydər Əliyev 1998-ci il martın 26-da “Azərbaycanlıların soyqırımı haqqında” Fərman imzalayaraq 31 mart tarixini Soyqırımı Günü elan etmişdir. Bu addım tarixi həqiqətlərin üzə çıxarılmasında mühüm rol oynamışdır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən imzalanan 2018-ci il Sərəncamı ilə soyqırımının 100 illiyi geniş şəkildə qeyd olunmuş, dünya ictimaiyyətinə həqiqətlərin çatdırılması istiqamətində mühüm addımlar atılmışdır.
1918-ci ilin mart hadisələri yalnız tarix deyil — bu, xalqımızın yaddaşına həkk olunmuş ağır bir faciədir. Bu hadisələrin beynəlxalq səviyyədə tanınması, tarixi ədalətin bərpası və gələcək nəsillərə çatdırılması hər birimizin borcudur. Unudulmayan tarix isə bir daha təkrarlanmamaq üçün yaşadılır.

Pərvin Kərimzadə 

YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı