backend

Azərbaycanlı müğənni Almaxanım Əhmədli TRT-də yeni layihədə iştirak edib

Azərbaycan Televiziyasının və Beynəlxalq Muğam Mərkəzinin solisti Almaxanım Əhmədli beynəlxalq səviyyəli konsert proqramları ilə çıxışlarını davam etdirir.

Sənətçi fevralın 14-də Sevgililər günü münasibətilə Türkiyənin Kars şəhərində, martın 21-də isə Rusiyanın paytaxtı Moskvada Novruz bayramına həsr olunmuş konsert proqramları ilə çıxış edib. Uğurlu çıxışlardan sonra Almaxanım Əhmədli Ankarada Türkiyənin TRT kanalına dəvət alıb.

TRT-də peşəkar türk musiqiçilərinin müşayiəti ilə lentə alınan proqramda gənc ifaçı Azərbaycan və türk bəstəkarlarının əsərlərini, xalq mahnılarını və muğam nümunələrini təqdim edib. “Yüzyüzə akustik” adlı yeni layihənin ilk qonağının azərbaycanlı sənətçi olması xüsusi əhəmiyyət kəsb edir.

Qeyd edək ki, aprelin 10-da Almaxanım Əhmədli sənət dostları – müğənni Zabitə Alıyeva və bədii qiraətçi Xəzər Süleymanlı ilə birlikdə Naxçıvanda konsert proqramı ilə çıxış edəcək.