backend

Kişilər xoşbəxtliklərindən ÖLMƏSİNLƏR DEYƏ… – Müasirləşdirilmiş bir pritça…

Tanrı çox işlədi və cəmi altı günə dünyanı yaratdı. İstifadəyə verməyə hazırlaşırdı ki, ağlına yeni bir ideya gəldi – Qadını yaratmaq. Özünə əl qatdı, xeyli tər axıtdı, amma yaratmaq istədiyi personaj istədiyi kimi alınmırdı…
Tanrının bu qədər əziyyət çəkdiyini görən Baş Mələk ondan soruşur:
– Başqa məxluqları bir neçə dəqiqəyə yaratdığın halda buna niyə bu qədər vaxt ayırırsan ki?
Tanrı dərindən ah çəkərək cavab verir:
– Düz deyirsən, buna qədər işlərim tez gedridi, amma birdən başa düşdüm ki, yaratdığım dünyaya ahənglik, sevgi, gözəllik və sülh çatmır. Bu səbəbdən də özündə bunların hamısını birləşdirən unikal məxluq – Qadını yaratmaq qərarına gəldim. Deyirsən ki, buna çox vaxt sərf edirəm. Bilsəydin baza komplektasiyasında hansı xüsusiyyətləri nəzərdə tutmuşam, belə deməzdin. Bax, məsələn, Qadın 200 hissədən ibarət olacaq, amma bununla belə elə etməliyəm ki, həm zərif, həm də incə olsun. O həm özü özünü müalicə etməli, həm də yanındakı insanların ağrısını yüngülləşdirməyi bacarmalıdır. O zəif olacaq, amma ehtiyac olarsa günün 18 saatını işləyə biləcək. Onun da cəmi iki əli olacaq, amma bu əllərlə o yaxınlarını qucaqlaya, onlara sevgi, qayğı verəcək, fiziki və mənəvi ağrılarını yüngülləşdirəcək…”.
Baş Mələk eşitdiklərindən şoka düşdü:
– Dediyiniz standart komplektasiyadır? Buna aylarla vaxt sərf etməlisiniz! Amma vaxtımız elə də çox deyil, deadline bu gündür, dünya istifadəyə verilməlidir!
Tanrı:
– Narahat olma, bu gün bitirəcəyəm.
Baş Mələk inanmadı və Tanrının hazırladığı hissələrə yaxınlaşdı.
– Buna bax, axı bu çox yümşaq və zərifdir!
– Elədir – Tanrı cavab verdi. Amma bu zərifliyin arxasında sənin təsəvvür etmədiyin qədər güc və dözüm gizlənir. Mən kövrəkliyi qüdrətlə, gözəlliyi isə güclə necə birləşdirmək barədə çox düşünürdüm, amma axır ki onu da tapdım. Bunları da Qadın modelinə tətbiq edəndən sonra işi bitmiş saymaq olar”…
Baş Mələk:
– O həm də düşünən varlıq olacaq yoxsa…?
Tanrı:
– Həm düşünən, həm gözəl, həm də dərin hisslərə malik biri olacaq…
Baş Mələk:
– Hə… Həqiqətən gözəldir. Bəlkə də bu vaxta qədər yaratdığın ən gözəl məxluq olacaq Qadın… Sifəti nədən nəmdir? Düsturlarında nəsə səhv olub deyəsən…
Tanrı:
– Yox, səhv yoxdur. Nəm dediyin göz yaşlarıdır. Onların vasitəsilə Qadın qəm, təklik, iztirablardan qurtulacaq.
Söhbət əsnasında prototip hazır olur. Baş Mələk heyrətlə Qadına baxır:
– Həqiqətən də heyrətamiz alınıb. Əllərinə sağlıq!
Baş Mələyin tərifindən qoltuqları şişən Tanrı:
– Elədir… Amma, özün də gördün ki, belə mürəkkəb bir modeli tələm-tələsik düzəltdim. Yüz faiz haradasa çatızmazlıqları olacaq…
– Aman Tanrım, amma bunu düzəltməyə vaxtımız yoxdur axı!
– Düzəltmərik. Qoy necə var elə də qalsın. O çatışmazlıqlar da ona görə qalsın ki, onlar olmasa kişilər xoşbəxtliklərindən ölərlər!
Baş Mələk deməyə söz tapmadı. Sadəcə Tanrının yeni hazırladığı Qadına, və, hələ də, hansı xoşbəxtliklə rastlaşacağından xəbəri olmayan Kişi-yə baxdı…

***
Əziz xanımlar! Bayramınız mübarək! Yaxşı ki varsınız!
Vəli Əlibəyov – DİA.AZ