backend

Tanınmış aktrisadan deputata cavab: “Mütləq ortada şəhvət hissi olmalıdır?!”

Ötən gün Milli Məclisin iclasında parlamentin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov yerli telekanallarda yayımlanan bəzi sosial verilişləri tənqid etdi.
 
Millət vəkili  dedi ki, 70 yaşlı kişini evlənmək üçün efirə dəvət edirlər: “70 yaşında adamları efirə evləndirməyə dəvət edirlər.Televiziyada ailə qururlar. Bizim adətimiz, milli dəyərlərimiz var. Rusiyada bu proqram var, onların öz milli-mənəvi dəyərləri, Azərbaycanın özünün milli-mənəvi dəyərləri var. Axı, televiziyada kim evlənir, boşanır?”
Məsələ ilə bağlı Yenisabah.az-a danışan aktrisa Sonaxanım Əliyeva bu yanaşma ilə qətiyyən razılaşmadığını bildirib:
“Bizim əsas problemimiz odur ki, heç kim öz həyatını yaşamır. Sanki öz evlərində oturub başqa evləri də idarə etmək istəyirlər. Bu, düzgün deyil. Məncə, hər kəs öz həyatını istədiyi şəkildə qurmaq ixtiyarındadır. Yaşlı insanlar niyə tənha qalmalıdırlar? Onlar ömürlərini balalarına həsr ediblərsə, onları böyüdüblərsə, artıq nəvə sahibidirlərsə, deməli, hər kəsin artıq öz ailəsi var. Niyə bu yaşdan sonra həmin şəxs evində tək oturmalıdır?!  Hərənin öz ailəsi, ailə problemləri var, övladlar gündəlik yaşlı valideynlərinin yanında ola bilmirlər. Yaşlı insana qulaq yoldaşı lazımdır, biz niyə o saat pis şeylər düşünürük? Elə bilirlər ki, yaşlı insanlar evlənirsə, mütləq ortada şəhvət hissi olmalıdır və bu milli-mentalitetimizə uyğun deyil.
Yaşlılardan biri xəstələnsə, digəri ona yardım edər, yaxud ən pis halda 103 xidmətinə zəng vura bilər. Bizdə nədənsə birbaşa pis şeyləri düşünürlər, yaşlı adam evlənmək üçün müraciət etdikdə deyirlər ki, gör necə temperamentli adamdı ki, bu yaşda ailə qurmaq istəyir və s. Hər şeyi pis niyətlə başa düşürük, məsələyə başqa prizmadan yanaşmırıq. Bəlkə onlara oturub söhbət etməyə, birlikdə seriala, sosial verilişə baxmağa bir qulaq yoldaşı lazımdır? İnsanlar məsələnin bu tərəflərini anlamaq istəmirlər. Yaşlı adamdırsa, mütləq kəfənini alıb oturub evində ölümünü gözləməlidir?!”
Aktrisa ekspert kimi çıxış etdiyi sosial verilişlərdən müşahidələrini də bölüşüb. Onun sözlərinə görə, bəzən yaşlı adamların övladları özü valideynlərinin ailə qurması üçün onları efirə gətirir:
“Mən verilişdə bir neçə övlad gördüm ki, onlar özləri valideynləri ilə birlikdə gəlmişdilər, onların ailə qurmasına razı idilər. Hətta efirə bir oğlan gəlmişdi, hərbçi idi, atasını gətirmişdi. Özüm şəxsən bunun şahidi oldum. Çox alicənab ailə idilər. Oğlan atasının evlənəcəyi qadına da çox hörmət-izzətlə yanaşırdı.
Bəzən övladlarda da eqoizm olur, bunu hamıya şamil etmirəm, amma belələri kifayət qədərdir. Onlar düşünürlər ki, valideyn ömrünü yalnız ona həsr etməlidir. Amma valideynin də özünə görə yaşamaq haqqı var, çünki ömür çox qısadır. Bəzən insan yaşlananda, özü ilə baş-başa qalanda düşünür ki, bu ömrü özüm üçün yaşadımmı? Amma baxıb görür ki, bir gün belə özü üçün yaşamayıb. Ən böyük faciə budur. Məncə, xoşbəxt olmaq yaşından, cinsindən, statusundan asılı olmayaraq hər kəsin haqqıdır. Əgər imkan varsa, mütləq cəhd edib xoşbəxt olmaq lazımdır.
Düzdür, elə insan ola bilər ki, o xoşbəxtliyi evlilikdə görmür, balalarına görə yaşayır. Amma nəzərə alaq ki, tənha qalan nə qədər yaşlı var… Elə insanlar var ki, övladı bir dəfə də qapısını açmır, onu atıb, nəvələri maraqlanmır. Bu o demək deyil ki, həmin şəxs diri ola-ola ölü kimi yaşamalıdır. Fikrimcə, bu, doğru yanaşma deyil”.