backend

Ali məktəblərə qəbulda nə qədər plan yeri boş qaldı? – Statistika

Məlum olduğu kimi, avqustun 30-da 2023/2024-cü tədris ili üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə müsabiqənin nəticələri elan edilib.

Turantv.az  xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzi məlumat verib.

Müsabiqənin nəticələrinə əsasən 51941 nəfər (o cümlədən 6592 subbakalavr) ali təhsil müəssisələrinə qəbul olunub. 24594 (o cümlədən 1389 subbakalavr) nəfər dövlət sifarişi əsasında, 27347 (o cümlədən 5203 subbakalavr) nəfər isə ödənişli əsaslarla təhsil almaq hüququ əldə edib. Ali təhsil müəssisələrinin qəbul planı 93.94% dolub. Sentyabrın 5-dən 14-dək boş qalan plan yerlərinə ixtisas seçimi aparılacaq və göstəricilər bir qədər də yüksələcək.
Plan yerləri ən çox ikinci ixtisas qrupunda dolub (98.35%). Burada plan yerlərinin sayı imtahan verən və müsabiqədə iştirak etmək hüququ olan abituriyentlərin sayından çox olsa da, əvvəlcədən də proqnoz edildiyi kimi subbakalavrların şansı var idi və onların hesabına dolma göstəriciləri yüksəkdir. Ən çox subbakalavr (2985 nəfər) da məhz II qrup üzrə ixtisaslara qəbul olunub. I qrup üzrə də subbakalavrların imkanları var idi və 2731 nəfər qəbul olunub. III, IV və V ixtisas qruplarında plan yerləri müvafiq olaraq 93.74%, 94.36% və 91.19% dolub.
Məlumat üçün qeyd edək ki, I mərhələdən sonra I ixtisas qrupu üzrə 1557, II ixtisas qrupu üzrə 217, III ixtisas qrupu üzrə 994, IV ixtisas qrupu üzrə 231, V ixtisas qrupu üzrə isə 350 plan yeri boş qalıb.
Ali təhsil müəssisələrinə gəldikdə I mərhələdən sonra tələbə qəbulu aparılan 42 ali təhsil müəssisəsinin 6-da (Tibb Universiteti, Dövlət İdarəçilik Akademiyası, ADA Universiteti, Turizm və Menecment Universiteti, Bakı Ali Neft Məktəbi, Əmək və Sosial Münasibətlər Akademiyası) plan yerləri 100 %, 23 ali təhsil müəssisəsində 90%-dən çox dolub. Ümumiyyətlə, qəbul aparılan ixtisasları xüsusi qabiliyyət tələb edən ali təhsil müəssisələri istisna olmaqla, digər ali təhsil müəssisələrinin plan yerləri əsasən 80%-dən çox dolub.
Daha geniş statistik məlumatla bu linkdən tanış ola bilərsiniz.