backend

Sabirabad Rayon Mərkəzi Xəstəxanasında olan özbaşınalıqlara nə vaxt son qoyulacaq..? – Bura xəstəxana yox, xəstəlik mənbəyidir…

Sabirabad Rayon Mərkəzi Xəstəxanasından eybəcərliklər…
Tərk edilmiş xəstəxana…

Dövlətin son illər səhiyyə sisteminə xüsusi diqqət yetirməsi göz qabağındadır. Ölkə başçısı öz çıxışlarında dəfələrlə Azərbaycan səhiyyəsinin dünya standartları səviyyəsinə qaldırılmasının son dərəcə vacib olduğunu vurğulamış və bu sahədə konkret addımların atılmasına göstərişlər vermişdir. Lakin çox təəssüf ki, bəzən kadrların yerində olmaması müsbət təşəbbüslərin uğursuzluqla nəticələnməsinə gətirib çıxarır; dövlətin diqqət və qayğısının insanların həyatında təzahürünə mane olur, ayrılmış vəsaitlərin havaya sovrulmasına səbəb olur. 

Bu gün tibb sahəsinin acınacaqlı vəziyyətdə olduğu rayonlardan biri də Sabirabaddır. Ənvər Lumanovun direktor vəzifəsinə təyin olunması ilə Sabirabad səhiyyəsinin qara günləri başlayıb. Hazırda Mərkəzi Xəstəxanada əhaliyə göstərilən tibbi xidmətin səviyyəsi çox aşağıdır. Üstəlik, dövlət xəstəxanası əhaliyə pulsuz xidmət göstərməli olduğu halda, burada hər şey pulludur. Xəstə xəstəxanaya düşən kimi, qarğa-quzğun kimi hərə bir tərəfdən onun üstünə tökülüşüb öz “şirinliyi”ni tələb edir. Həkimlər bura gələn insanlara qiymət oxuyurlar. Bu, başqa bir yazının mövzusudur.
Sabirabad Rayon Mərkəzi Xəstəxanası ilə bağlı uzun müddətdir ölkə mətbuatında müxtəlif şikayətlər, problemlər dərc olunur. Baş verənblərdən xəstəxana rəhbərliyinin xəbəri olmasına baxmayaraq problemlər və şikayətlər yerində qalmaqda davam edir.
Gundelik-baku.com xəbər verir ki, Sabirabad Rayon sakinləri qaynar xəttimizə ünvanladıqları görüntülərlə Sabirabad Rayon Mərkəzi Xəstəxanasının baxımsız, bərbad vəziyyətdə olması ilə əlaqədar şikayətçidirlər. Bəlkə bu xəstəxana Səhiyyə Nazirliyinin yadından çıxıb? Biz yada salırıq…
Nazirlik bu günə kimi bir tədbir görməyib: “Sökülüb, dağılmış xəstəxanaya xəstə gəlmir. Hətta bu xəstəxananın çarpayıları, ayaqyolu belə yoxdur. Tavan uçur, döşəmə dağılır. Dillə deyiləsi deyil, gözlə görmək lazımdır”. Otaqların künc-bucağı o vəziyyətdədir ki, baxan deyir – burada siçovullar məskən salıb… İkinci mərtəbədə bir az möhkəmdən hərəkət etsən, tavan deşiləcək və səni birinci mərtəbədə yaralı vəziyyətdə tapacaqlar… Qışda soyuq, yayda isti olan boş otaqlarda təkəm-seyrək, sınıq-salxaq çarpayılar, bir-iki yerdə də köhnə-kürüş tibbi avadanlıqlar…
Bu “xəstəxana” binasının həyəti içindən də betərdir, sanki tərk edilmiş qorxu evidir… Elə əyri-üyrü yollarında yıxılıb o dəqiqə xəstəxanalıq ola bilərsən… Bəlkə bu da bir cılız “siyasət”dir..? Yararsız vəziyyətdə olan paslanmış xəstəxana maşınları, işıq verməyən sınıq küçə çıraqları, sovet dövründən qalma əyilmiş lövhələr, həyəti bürümüş su şüşələri, hansı ki xəstələri ilk onlar qarşılayır… Hətta o qədər çoxalıblar ki, bizə “YAXŞI YOL” deyib yola salanlar da onlardır… Bunların hər biri Sabirabad Rayon Mərkəzi Xəstəxanasının “bəzəkləridir”.
Aidiyyəti şəxslər, bu xəstəxana barəsində tədbir görün! Bu görüntüləri özünüz araşdırıb burada baş verənlərlə bağlı özünüz şahidi olsanız, bilərsiniz ki, bura xəstəxana yox, xəstəlik mənbəyidir. Ümid edək ki, bu yazı qəlbi daşlaşmış səhiyyəmizin könlünə insaf salar…