backend

Nahid Bağırovdan Mehriban xanım Əliyevaya MÜRACİƏT: "İnanın, artıq intihar həddinə çatmışam..."

Ağsu Rayon Ərəbuşağı kənd sakini, sahibkar Mürsəlov Azər Xandadaş oğlu redaksiyamıza müraciət edib. O, müraciətində bildirir ki, çoxsaylı şikayətlərinə baxmayaraq İsmayıllı Rayon İcra Hakimiyyəti onun şikayətini təmin etmir. Dəfələrlə Preziden Aparatında qəbulda olduğunu bildirən Azər Mürsəlov onu da qeyd edir ki, o, bir neçə ay əvvəl İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Nahid Bağırovun qəbuluna düşə bilib. Nahid Bağırov ona deyib ki, məndən saytlara və dövlət orqanlarına şikayət etdiyin üçün o yer sənin haqqın olsa belə, sənə verməyəcəm.

BİA.az olaraq vətəndaş Mürsəlov Azər Xandadaş oğlunun şikayətini olduğu kimi təqdim edirik.

"Çox hörmətli Mehriban xanım Əliyeva, mən məlum məsələ ilə bağlı dəfələrlə Sizlərə müraciət edərək bildirmişəm ki, mənim 22 ildir istifadə etdiyim Şamaxı Rayon Dəmirçi kəndinə yaxın ərazidə yerləşən yay otlaq sahəsi 1 ildən çoxdur mənə verilməkdən imtina edilir. İsmayıllı Rayon İcra Hakimiyyəti həmin ərazini səbəbsiz yerə məndən alaraq iş adamı Ədalət Göyüşov adlı şəxsə verib. Mən haqqım olan yerin mənə verilməsi ilə bağlı çox saylı müraciətlər etmişəm. Çox sağ olun Siz tərəfdən müraciətlərə baxılıb. Lakin məsələnin həlli üçün müraciət edərək göstəriş verdiyiniz İsmayıllı Rayon İcra Hakimiyyəti daima məsələni müxtəlif vasitələrlə ört-basdır edib. Sizlər İcra başçısı Nahid Bağırovun mənimlə görüşüb məsələnin həllində mənə kömək etməsini bildirsəniz də, Bağırov məni qəbul belə etməyib. Müavinləri ilə görüşlərimsə heç bir fayda verməyib. Nəhayət 1 ay öncə Nahid Bağırovun özü ilə görüşdüm. Məni qəbul edən hörmətli başçı mənə açıq şəkildə bildirdi ki, ondan sizlərə, media saytlarına müraciət etdiyim üçün haqlı da olsam o ərazini mənə verməyəcək. Mənə Bağırov bildirdi ki, get kimə istəyirsən şikayət et. O yeri mən kimə istəsəm, ona verəcəm.

Çox hörmətli Mehriban xanım, əgər İsmayıllı Rayon İcra Hakimiyyətinin sərəncamında olan bütün ərazilər Nahid Bağırovun şəxsi mülküdürsə, biz bunu bilək.O, şəxsi mülkü kimi xalqın torpaqlarını kimə istəyirsə ona necə verə bilər?

Mehriban xanım, mən bir bacım kimi sizdən xahiş edirəm. Məni 5 dəqiqəlik də olsa qəbul edəsiniz. Mən sizə öz sözümü deyim. Əgər günahkaramsa cəzalandırılım. Haqlıyamsa torpaq sahəm yenidən mənə qaytarılsın. Bir neçə aydan sonra yenidən yaylaq mövsümü başlayır, mənim heyvanlarım, təsərrüfatım yenə məhv olmasın. İnanın mən artıq intihar həddinə çatmışam...

Allah sizi və sevdiklərinizi qorusun".

Hörmətlə : Azər Mürsəlov



BİA.az