backend

"Heç vaxt məsuliyyətdən qaçmamışam, sədr ola bilərəm" - Natiq Cəfərli

Dia-az.İnfo Bakupost.az-a istinadla ReAL-ın icra katibi Natiq Cəfərli ilə müsahibəni təqdim edir:

- Natiq bəy, İlqar Məmmədovun istefasını necə qarşıladınız? Bu istefa partiyanızın fəaliyyətinə təsir göstərəcəkmi?


- Əslində İlqar bəy istefa verəcəyini öncədən elan etmişdi. Bir neçə ay bundan əvvəl bildirmişdi ki, seçkinin nəticələrindən asılı olaraq, Siyasi Komitənin sədri vəzifəsində qalıb-qalmamaqla bağlı qərar verəcək. Mən bunun əleyhinə idim və indi də əleyhinəyəm. Çünki birincisi, Azərbaycanda gərək tam demokratik seçki mühiti yaradaq ki, həmin mühitdə uduzan partiya sədrinin getməsi məntiqli olsun. Seçkilərlə bağlı problemlərin olduğunu aşağı-yuxarı hər kəs, hətta Mərkəzi Seçki Komissiyasının özü də qəbul edib. Bildiriblər ki, seçki məntəqələrində bəzi pozuntular olub. Bunu nəzərə alaraq, İlqar bəyin sədrlikdən getmək məsələsinidoğru saymamışam. Bunu özünə də demişəm. Amma öz qərarıdır. Təbii ki, yetkin insandır və kifayət qədər siyasi təcrübəsi var. Amma o, Siyasi Komitədə qalacaq. Çünki onun tərkibi qurultay tərəfindən seçilir. Bizdə ümumiyyətlə, Azərbaycan partiyaları arasında ən demokratik idarəetmə forması var. ReAL-da ali qərarverici orqan sədr deyil, Siyasi Komitədir. Yəni, sədr də Siyasi Komitəyə tabedir. Niyə? Çünki Siyasi Komitə tərəfindən seçilir. Ona görə də İlqar bəyin istefasının REAL-ın fəaliyyətində hansısa köklü, fundamental dəyişikliklərə səbəb olacağını düşünmürəm. Bizdə kollektiv qərarvermə mexanizmi mövcuddur. Yəni sədrin dedikləri heç də həmişə qəbul olunmayub, fərqli təkliflər və baxışlar mövcud olub.


Hazırda seçkinin nəticələrini, öz səhvlərimizi analiz edirik və yolumuza davam edəcəyik. Çünki ReAL partiyasının Azərbaycan siyasi səhnəsində özəl və xüsusi bir rolu var. Bu rol ideoloji baxımdan başqa partiyaların rolundan fərqlənir. ReAL yeganə partiyadır ki, realplatforma.org saytı vasitəsilə öz addımlarını bütün vətəndaşlara elan edir. Mən bunu başqa partiyalarda görməmişəm. Onlarla qanun layihələrimiz, ölkədə hansı sahədə problemlərin neçə həll olunması ilə bağlı sənədlərimiz mövcuddur. Ona görə də fəaliyyətimizi davam etdirməyi, daha da genişləndirməyi düşünürük. Yeni üzvlərin cəlb olunmasını da. Bu seçkilərin maraqlı və önəmli nəticəsi ondan ibarət oldu ki, bizə könüllü kimi onlarla müşahidəçi qoşuldu. Onlardan partiyaya üzv olmaq üçün ərizə verənlər də var. Yeni üzvlər və yeni layihələrlə ReAL Azərbaycan siyasi səhnəsində öz dəsti-xətti və yerini qoruyacaq.

- Sədrliyə namizədlər arasında Sizin də adınız çəkilir. Belə bir təklif olarsa, razılaşacaqsızmı?


- Yenə deyirəm, buna Siyasi Komitə qərar verəcək. Əgər Siyasi Komitə belə bir məsələni gündəmə gətirsə, mümkündür. Mən heç vaxt məsuliyyətdən boyun qaçırmamışam. Bu günə qədər zatən ReAL-ın icra katibi kimi idarəetməndə mühüm rol oynamışam. Amma Siyasi Komitənin 8 nəfər üzvü var. Onların 8-i də sədr olmağa layiq insanlardır.


- Bu gün MSK-da sizin seçkinin nəticələri ilə bağlı şikayətinizə baxılacaq. Dünən Məzahir Pənahov bildirdi ki, "Natiq Cəfərli mədəni adamdır, onun müraciətinə baxacağıq". Siz bunu kompliment kimi qəbul edirsiniz, yoxsa necə? Ümumiyyətlə, şikayətinizlə bağlı hansı gözləntiniz var?


- Açığı, bəri başdan deyim ki, heç bir gözləntim yoxdur. Amma Məzahir müəllimə də təşəkkürümü bildirirəm. Siyasi fəaliyyətimiz, dəst-xəttimizdə təhqirə, hansısa formada aşağılayıcı davranışa yer olmadığını elan edib. Sadəcə, burdan bir nəticə də çıxır ki, mədəni olmasaydım, şikayətimə baxmayacaqdılar? Zatən MSK-nın borcudur ki, şikayətlərə baxsın. Onun mədəni olub-olmamaqla heç bir əlaqəsi yoxdur. Yenə də deyirəm, xoş sözlərə görə təşəkkür edirəm.


Dairədə baş verən pozuntulara gəlincə, 19 məntəqə ilə bağlı əlimizdə kifayət qədər ciddi faktlar var. Bu bəs edir ki, dairənin nəticələr ləğv olunsun. Amma ləğv olunması ilə bağlı gözləntim varmı? Açığı, yoxdur.



- Seçkinin nəticələri siyasi partiyaların fəaliyyətinə, eyni zamanda onların sıralarına təsirsiz ötüşmədi. Məsələn, AXP sədri Pənah Hüseyn də istefa vermək və partiyanın fəaliyyətini dayandırmaq məsələsinə baxılacağını bildirib. Novella Cəfəroğlu isə Musavatdan istefa verib. Bu məsələlərə bağlı nə düşünürsüz? Digər tərəfdən, bu hadisələr fonunda müxalifətin seçkiyə qatılıb-qatılmaması yenə müzakirə olunur. Bəziləri deyir ki, bax görürsüz, bu, səhv addım idi. Bəziləri də deyir ki, əksinə, hamı qatılmalı və mübarizə aparmalıidi. Bəs sizin mövqeyiniz necədir, seçkiyə qatılmaq səhv addım deyildi ki?


- Digər partiyalarda baş verənləri şərh etməyim doğru olmazdı. Amma onlar da öz fəaliyyətlərində olan səhvlərlə bağlı daxildə araşdırma aparıb düzəlişlər etsələr, bu, ümumi siyasi gedişata müsbət təsir göstərər. Yenə təkrar edirəm, biz heç vaxt onların işinə qarışmamışıq. ReAL heç bir koalisiyada olmayıb. Bundan sonra da olmaq fikrimiz yoxdur. Çünki bizim ideoloji kimliyimiz var. Kim bu ideoloji kimliyi qəbul edirsə, gəlib ReAL-la birgə fəaliyyət göstətə bilər. Bu mənada qapımız açıqdır. O ki qaldı seçkidə iştirak məsələsinə, REAL-ın verdiyi qərar doğrudur. Bundan sonra da istənilən seçkidə iştirak edəcəyik. Seçkiləri boykot edənlərin hansı planı, proqramı var? Onlar siyasi dəyişikliklərə necə nail olmağı düşünürlər? Çıxıb bunu elan etsinlər. Alternativ yol nədir? Bu günə qədər həm prezident, həm də parlament seçkilərini, ümumilikdə 16 seçkini boykot ediblər. O boykotun hansı nəticəsi olub? Hansı müsbət dəyişikliklərə nail olublar? Özü də çox maraqlıdır ki, boykotçular evdə, isti kreslolarında oturub seçkidə əziyyət çəkən, saxtakarlıq faktlarını foto, videoya çəkib sübut edənlərə istinad edirlər. Seçkidə iştirak edənləri isə az qala satqın adlandırırlar. Bu qədər mənriqsiz və mənasız yanaşmanı özlərinə sığışdırırlarsa, özləri bilərlər. Seçkidə içtirak edib pozuntuları üzə çıxarsa, bu problemlərin həllinə yardımçı olsaydılar, bu, daha məntiqli olardı. Ona görə də bizim üçün seçkilərdə iştirakdan başqa alternativ yoxdur.