backend

GÖZLƏYƏK, GÖRƏK “KUPÇA”DA HANSI ÜNVAN GÖSTƏRİLƏCƏK – Xətai və Nizami rayon icra hakimiyyətləri qanunsuz tikilinin ərazi aidiyyətinə görə məsuliyyəti bir-birinin üzərinə atırlar

Paytaxtın Xətai rayonunda qanunsuz tikililərin baş alıb getməsindən, bu tikintilərin arxasında birbaşa Rayon İcra Hakimiyyətinin instruktajı ilə işləyən şəxslərin durmasından, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Fövqəladə Hallar Nazirliyi kimi qurumların bu məsələyə müdaxilə etmədiyindən çox yazılıb, çox deyilib. Nyus.az xəbər portalı da bu mövzu ilə əlaqədar bir neçə dəfə tənqidi məqalələrlə çıxış edib.

Konkret olaraq, günü bu gün Xətai rayonu ərazisində, Babək prospekti 34 ünvanda qanunsuz tikinti işləri aparıldığı barədə oxucularımıza informasiya vermişdik. Müşahidə olunanlar belə düşünməyə əsas verir ki, bu müstəvidə özbaşınalıqlar məhz rayon rəhbərliyinin izn-rüsxəti ilə həyata keçirilir. Bunun əksini iddia edənlərə sözügedən rayon ərazisində bir eksperiment aparmağı təklif edirik. Gəlin, orda ilk baxışda ən ucqar, gözdən uzaq görünən bir ünvanda bir daşı digərinin üstünə qoyaq. Görün, RİH-nin emissarları necə başımızın üstünü kəsdirəcəklər! Hətta bir mənzilin içində otaqda arakəsmə belə qoydura bilməzsiniz xəlvət.

Haqqında bəhs etdiyimiz, fotoşəkillərini təqdim etdiyimiz dəmir konstruksiyalı tikili yaşıllıqların arasında “boy verir”. Təqdim olunan fotolarda tikilinin yaxınlığında hava məkanından yüksək gərginlikli elektrik xətlərinin keçdiyi də görünür.

Davam və inkişaf edən xaotik tikinti özbaşınılığına görə məsuliyyətdən yaxa qurtarmaq üçün Xətai RİH mənsublarının tez-tez istifadə etdikləri bəhanə bu olur ki, çox vaxt tikililərin qonşu rayonların, Nizami və Nərimanov rayonlarının ərazisinə aid olduğunu deyirlər. Bu dəfə də Xətai RİH-dən Pənah adlı şəxs redaksiyamıza zəng vurub sözügedən tikilinin məhz Nizami rayonu ərazisində inşa edildiyini bildirdi. Halbuki, həmin obyektin qonşuluğunda fəaliyyət göstərən ünvanlar Xətai rayonuna aiddirlər. Məsələn, yaxınlıqdakı mağazalardan aldığımız mala görə verilən qəbzlərdə ünvan Xətai rayonu kimi qeyd edilib.

Onu da öyrənmişik ki, Bakı şəhər Şəhərsalma və Arxitektura İdarəsi sözügedən ünvanda aparılan tikintinin dayandırılmasının vacibliyini vurğulayan akt təırtib edib. Ancaq başqa bir məlumata görə, obyektin sahibi artıq obyektə “kupça” almaq üçün hərəkətə keçib və ilkin sənədləri toplamağa başlayıb. İndi nə edək, gözləyək görək ki, qanunsuz inşça olunan obyektə Daşınmaz Əmlakın Dövlət Reyestrinin verəcəyi “kupça”da ünvan olaraq hansı rayonun adı göstərilib?

Mövzuya qayıdacağıq.

Nisa Şirvanlı
Nyus.Az