Tədbir zamanı Musa Ələkbərlinin bəstələdiyi mahnılar və qələmə aldığı şeirlər səsləndirildi. Musa Ələkbərlinin sözlərinə bəstələnən bir çox mahnılar bu gün də sevərək dinlənilir. Onun əsərləri Zeynəb Xanlarova, Flora Kərimova, Şahnaz Haşımova kimi dəyərli sənətkarlar tərəfindən ifa olunub. Xüsusilə Flora Kərimovanın ifasında “Məhəbbətim”, Zeynəb Xanlarovanın ifasında “Mən sənə yalvarmaram” kimi əsərlər musiqi yaddaşımızın ayrılmaz hissəsinə çevrilib.
Həmçinin tədbir iştirakçıları Musa Ələkbərlinin yaradıcılığı, şəxsiyyəti barədə çıxış edərək ürək sözlərini və xoş arzularını bölüşdülər.
Qeyd edim ki, bu kimi tədbirlər uzun illər boyu bizdə həm sevinc, həm də bir qədər kədər hissi doğururdu. Lakin bu gün azad və qalib dövlətin vətəndaşları kimi, belə mədəni və mənəvi dəyərləri yaşadan tədbirlərdə fəxarətlə iştirak edirik.
Musa Ələkbərli — xalq ruhunu, saf sevgini və milli dəyərləri poeziyasına birləşdirə bilən sənətkarlarımızdandır. Onun yaradıcılığı ruhumuzu oxşayır və gələcək nəsillərə ilham verir.
Musa Ələkbərlini 75 illik yubileyi münasibətilə bir daha səmimi qəlbdən təbrik edir, ona cansağlığı, yaradıcılıq uğurları və ilham dolu uzun ömür arzulayıram.









