Qaynarxett.azxəbər verir ki, kitabda Ümummilli Lider Heydər Əliyev tərəfindən əsası qoyulmuş enerji siyasətinin strateji hədəfləri – dövlət müstəqilliyinin möhkəmləndirilməsi, ərazi bütövlüyü və suverenliyin təmin olunması, eyni zamanda sosial-iqtisadi rifahın yüksəldilməsi elmi əsaslarla təhlil edilir. Bu kursun Prezident İlham Əliyevin rəhbərliyi ilə institusional və davamlı inkişaf mərhələsinə yüksəlməsi faktoloji və sənədli mənbələr əsasında şərh olunur.
Kitabın elmi rəyçisi akademik Arif Həşimov əsərin aktuallığını qlobal enerji transformasiyaları fonunda Azərbaycanın enerji strategiyasının institusional yanaşma ilə araşdırılması, “resurs bolluğu–davamlı inkişaf” əlaqəsinin elmi təhlili və dövlət rəhbərlərinin çıxışlarının ilkin mənbə kimi istifadəsi ilə əsaslandırdı. Xüsusilə qeyd olundu ki, üçüncü cilddə yer alan müqavilə və danışıqlara dair materiallar nəşrin sənədli-elmi əhəmiyyətini artırır.
Təqdimatda Milli Məclisin komitə sədrləri və deputatlar, dövlət qurumlarının rəhbər şəxsləri, o cümlədən Prezidentin iqlim məsələləri üzrə nümayəndəsi Muxtar Babayev, nazir müavinləri, SOCAR nümayəndələri, ali təhsil müəssisələrinin rektorları, akademiklər, professorlar və gənc tədqiqatçılar iştirak ediblər.




