backend

Fatma Yıldırım: “Prezident İlham Əliyevə göstərilən diqqət Azərbaycanın artan beynəlxalq nüfuzunun göstəricisidir”

Milli Məclisin deputatı Fatma Yıldırım Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Vaşinqton şəhərində keçirilən “Sülh Şurası”nın ilk iclasına dəvət olunmasını və tədbir zamanı dövlət başçısına göstərilən xüsusi diqqəti yüksək qiymətləndirib.

Deputat bildirib ki, ABŞ Prezidenti Donald Tramp tərəfindən Prezident İlham Əliyevin şəxsən dəvət olunması Azərbaycanın beynəlxalq nüfuzunun və qlobal sülh gündəliyində artan rolunun aydın göstəricisidir.

“Bu dəvət bir daha təsdiq edir ki, Azərbaycan həm regionun, həm də geniş beynəlxalq siyasi gündəmin etibarlı və məsuliyyətli tərəfdaşı kimi qəbul olunur. Cənab Prezident İlham Əliyevin beynəlxalq platformalarda sülh, sabitlik, qarşılıqlı hörmət və beynəlxalq hüquqa əsaslanan yanaşmanı ardıcıl şəkildə müdafiə etməsi ölkəmizə olan siyasi etimadı daha da gücləndirib”, – deyə Fatma Yıldırım qeyd edib.

Millət vəkili vurğulayıb ki, ABŞ kimi qlobal təsir imkanlarına malik bir dövlətin siyasi gündəliyində Azərbaycanın dövlət başçısına bu səviyyədə yer verilməsi ikitərəfli münasibətlərin yeni və daha praqmatik mərhələyə daxil olduğunu göstərir. Onun sözlərinə görə, bu, Azərbaycan–ABŞ münasibətlərində qarşılıqlı maraqlara əsaslanan dialoqun, təhlükəsizlik, regional sabitlik və siyasi əməkdaşlıq sahələrində yeni imkanların formalaşdığını nümayiş etdirir.

Deputat əlavə edib ki, Prezident İlham Əliyevə göstərilən diqqət Azərbaycanın müstəqil və balanslı xarici siyasət kursunun beynəlxalq səviyyədə qəbul edildiyini təsdiqləyir. “Azərbaycan heç bir qütbün təsiri altında olmayan, milli maraqlarına əsaslanan siyasət yürüdən və dialoqa açıq dövlət kimi qlobal proseslərdə etibarlı tərəfdaş statusunu daha da möhkəmləndirir”, – deyə o bildirib.

Sonda Fatma Yıldırım bu dəvət və nümayiş etdirilən yüksək səviyyəli münasibətin Azərbaycanın beynəlxalq mövqelərinin güclənməsi və Azərbaycan–ABŞ münasibətlərinin qarşılıqlı hörmət və real maraqlar əsasında inkişafı baxımından mühüm siyasi mesaj olduğunu vurğulayıb.