backend

Azərbaycandan Ukraynaya növbəti humanitar enerji yardımı göndərilir

Rusiyanın Ukraynaya qarşı genişmiqyaslı işğalının başlanmasının ildönümü ərəfəsində Azərbaycandan Ukraynaya növbəti enerji avadanlıqları partiyası yola salınır. Yardım çərçivəsində müxtəlif gücə malik 31 generator və 2 ədəd avtomatik ehtiyat qoşulma sistemi Ukraynaya təhvil veriləcək.

Avadanlıqlar Ukraynanın Fövqəladə Hallar üzrə Dövlət Xidməti bölmələrinin, xəstəxanaların və Rusiya hücumlarından zərər çəkmiş regionların ehtiyaclarının qarşılanmasına yönəldiləcək. Bu dəstək xüsusilə enerji infrastrukturunaö zərbə dəyən ərazilərdə fasiləsiz elektrik təminatının bərpası baxımından mühüm əhəmiyyət daşıyır.

Göndəriş ərəfəsində Ukraynanın Azərbaycandakı səfiri Yuriy Husyev Azərbaycan Respublikası Milli Məclisinin deputatı, Azərbaycan–Ukrayna parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Əlibala Məhərrəmzadə ilə görüşüb. Görüş zamanı səfir Azərbaycana, eləcə də bu mühüm və zəruri təşəbbüsə töhfə verən hər kəsə təşəkkürünü ifadə edib.

Qeyd olunub ki, yardım Azərbaycan şirkətləri və vətəndaşlarının, Ukraynanın Azərbaycan Respublikasındakı Səfirliyinin, eləcə də tərəfdaş ölkələrin diplomatlarının dəstəyi ilə mümkün olub.

Enerji avadanlıqlarının göndərilməsi Ukraynanın xarici işlər naziri Andriy Sıbiha tərəfindən başladılmış “Ukrayna üçün istilik” — #WarmthforUkraine qlobal təşəbbüsü çərçivəsində həyata keçirilir.

Bu yardım yalnız texniki dəstək deyil. Bu, xəstəxanalarda işığın yanması, ailələrin evlərində istiliyin qorunması, xilasedicilərin operativ fəaliyyət göstərməsi və həyati vacib infrastrukturun bərpası deməkdir.

Birlikdə — daha isti.
Birlikdə — daha güclü.