backend

Göydəniz Qəhrəmanov: "Azərbaycan sülh gündəliyini müəyyən edir"

"Vaşinqtonda keçirilən Sülh Şurasının ilk iclasında Prezident İlham Əliyevin iştirakı Azərbaycanın regional proseslərin istiqamətini müəyyən edən əsas aktorlardan olduğunu göstərir". 
 
Qaynarxett.az bildirir ki, bunu millət vəkili Göydəniz Qəhrəmanov bildirib. O, Azərbaycanın ərazi bütövlüyünü təmin edilməsindən sonra fərqli mənzərə yarandığını deyib:
 
"Uzun illər Cənubi Qafqaz münaqişə məkanı kimi təqdim olunurdu. Bu isə regionun inkişaf potensialını məhdudlaşdırır, iqtisadi inteqrasiyanı ləngidirdi. Lakin Azərbaycanın ərazi bütövlüyünü təmin etməsindən sonra yaranmış yeni mərhələ fərqli bir gündəmi ortaya qoydu: post-münaqişə dövründə dayanıqlı sülhün qurulması. Məhz bu kontekstdə Vaşinqton platforması xüsusi əhəmiyyət kəsb edir. Çünki burada müzakirə olunan məsələ yalnız iki dövlət arasındakı münasibətlər deyil, bütövlükdə regionun təhlükəsizlik arxitekturasının necə formalaşacağıdır. Azərbaycan bu prosesdə prinsipial mövqeyini qoruyaraq beynəlxalq hüquqa əsaslanan münasibətlər modelini irəli sürür. Bu modelin əsasını isə suverenlik, ərazi bütövlüyü və qarşılıqlı hörmət təşkil edir. Azərbaycanın mövqeyi olduqca aydındır: müharibədən sonrakı mərhələ hüquqi sənədlər və konkret öhdəliklər üzərində qurulmalıdır. Əks halda, regionda əldə olunan sabitlik uzunömürlü ola bilməz".
 
Parlamentari ölkəmizin Şərq-Qərb əməkdaşlığında tutduğu yüksək mövqeni də diqqətə çatdırıb:
 
"Bu gün beynəlxalq münasibətlər sistemində güc balansı yenidən formalaşır. Enerji təhlükəsizliyi, nəqliyyat dəhlizləri və geostrateji mövqe dövlətlərin siyasi çəkisini müəyyən edən əsas amillərə çevrilib. Azərbaycan isə həm enerji resursları, həm Orta Dəhliz layihəsindəki rolu, həm də Şərq-Qərb əməkdaşlığında tutduğu mövqe ilə qlobal diqqət mərkəzindədir. Bu reallıq Vaşinqtonda keçirilən görüşdə də aydın şəkildə hiss olundu. Vaşinqton görüşü bir daha təsdiqlədi ki, Azərbaycan təşəbbüs irəli sürən və sülh gündəliyini formalaşdıran dövlətdir. Bu isə ölkəmizin artan siyasi çəkisinin və ardıcıl xarici siyasət kursunun məntiqi nəticəsidir".