backend

Tarixi ədalətin təntənəsi

Prezident İlham Əliyevin Xocalı Soyqırımı Memorial Kompleksinin açılış mərasimindəki çıxışı müasir Azərbaycan tarixinin mühüm siyasi və mənəvi mesajlarından biridir. Bu çıxış keçmişin ağrısına verilən qiymətlə yanaşı, həm də dövlətimizin gücünün, milli iradəmizin və tarixi ədalətə sadiqliyimizin təsdiqidir.
Xocalı soyqırımı XX əsrin ən ağır faciələrindən biri kimi insanlıq tarixinə qara hərflərlə yazılıb. Bir gecənin içində yüzlərlə günahsız insanın, qadınların, uşaqların, qocaların xüsusi qəddarlıqla qətlə yetirilməsi Ermənistanın dövlət səviyyəsində həyata keçirdiyi cinayətkar siyasətin nəticəsi idi. Bu cinayətin məsuliyyəti birbaşa Ermənistan dövlətinin üzərinə düşür və bunu tarix də, faktlar da təsdiqləyir.
Cənab Prezidentin vurğuladığı kimi, Azərbaycan bu faciəni unutmadı və unutdurmadı. Uzun illər ərzində həm dövlət səviyyəsində, həm də vətəndaş cəmiyyətinin təşəbbüsləri ilə Xocalı həqiqətləri beynəlxalq ictimaiyyətə çatdırıldı. Xüsusilə Heydər Əliyev Fondunun təşəbbüsü ilə başladılan “Xocalıya ədalət!” kampaniyası bu istiqamətdə mühüm rol oynadı. Fondun vitse-prezidenti Leyla xanım Əliyevanın rəhbərliyi ilə həyata keçirilən ardıcıl və sistemli fəaliyyət nəticəsində bir sıra ölkələr Xocalı soyqırımını rəsmən tanıdı. Bu, informasiya mübarizəsində qazanılmış ciddi diplomatik uğurdur.
Prezident İlham Əliyevin çıxışında xüsusi yer tutan məqam isə ədalətin təmin olunması ilə bağlı idi. Azərbaycan xalqı illərlə ədalət tələb etdi. Lakin beynəlxalq təşkilatların və bəzi böyük dövlətlərin biganə münasibəti fonunda Azərbaycan öz gücünə arxalandı. 44 günlük Vətən müharibəsində əldə olunan tarixi Zəfər, ardınca həyata keçirilmiş antiterror tədbirləri və müharibə cinayətkarlarının məhkəmə qarşısına çıxarılması ədalətin bərpasının real təzahürüdür.
Bu gün Memorial Kompleksin məhz Xocalıda açılması dərin rəmzi məna daşıyır. Vaxtilə işğal altında olan torpaqda bu cür möhtəşəm abidənin ucaldılması Azərbaycan dövlətinin qətiyyətinin və xalqımızın əyilməz ruhunun göstəricisidir. İllərlə doğma yurd həsrəti ilə yaşayan Xocalı sakinlərinin bu mərasimdə iştirakı tarixi ədalətin bərpasının canlı şahididir.
Bu gün ölkəmiz güclü iqtisadiyyata, müasir və peşəkar orduya, müstəqil və prinsipial xarici siyasət kursuna malikdir. Dövlət başçısının da qeyd etdiyi kimi, heç bir təzyiq, heç bir təhdid Azərbaycan xalqının iradəsini sındıra bilməz. Biz işğalla barışmadıq və nəticədə ərazi bütövlüyümüzü və suverenliyimizi tam təmin etdik.
Eyni zamanda, Azərbaycanın müharibəni beynəlxalq hüquq normalarına uyğun aparması, mülki əhaliyə qarşı məqsədli hücumlara yol verməməsi xalqımızın mənəvi üstünlüyünü nümayiş etdirdi. Bu gün beynəlxalq aləmdə ölkəmizə olan hörmətin əsas səbəblərindən biri də məhz budur.
Xocalı Soyqırımı Memorial Kompleksi milli yaddaşımızın abidəsidir. Bu kompleks gələcək nəsillərə həm faciəmizi xatırladacaq, həm də gücümüzü, birliyimizi və dövlətə olan inamımızı nümayiş etdirəcək. Biz Xocalını unutmayacağıq. Şəhidlərimizin xatirəsi daim qəlbimizdə yaşayacaq. Azərbaycan dövləti bundan sonra da güclü olacaq, milli maraqlarını qətiyyətlə qoruyacaq və belə faciələrin bir daha təkrarlanmaması üçün hər zaman ayıq olacaq.

Fatma Yıldırım
Milli Məclisin deputatı