backend

Tarixi ədalətin bərpası: milli güc və qürur mənbəyimiz

Prezident İlham Əliyevin Xocalı Soyqırımı Memorialının açılış mərasimindəki çıxışı siyasi, mənəvi və tarixi baxımdan dərin məzmun daşıyır. Dövlətimizin başçısının çıxışında Xocalı soyqırımının Ermənistan dövləti tərəfindən, erməni faşistləri tərəfindən azərbaycanlılara qarşı, insanlığa qarşı, bəşəriyyətə qarşı törədilmiş qanlı hərbi cinayət olduğu ifadə edilib. Bir gecə ərzində 600-dən çox günahsız mülki şəxsin xüsusi amansızlıqla qətlə yetirilməsi XX əsrin ən dəhşətli hadisələrindən biri kimi xarakterizə olunur. Bu faciə planlı və sistemli şəkildə həyata keçirilmiş zorakılıq aktı idi. İtkin düşmüş şəxslərin taleyi, sonradan aşkarlanan qalıqlar və faktlar cinayətin miqyasını bir daha sübut edir. Həmin hadisənin məsuliyyəti birbaşa Ermənistan dövlətinin üzərinə düşür və bu məsələ tarixi yaddaşda olduğu kimi siyasi müstəvidə də daim gündəmdə saxlanılır. Faciənin beynəlxalq ictimaiyyətə çatdırılması istiqamətində görülən işlər də mühüm önəm kəsb edir.
Xocalı həqiqətlərinin dünyaya çatdırılmasında Heydər Əliyev Fondunun rolu xüsusilə təqdirəlayiqdir. Fondun təşəbbüsü ilə başladılan “Xocalıya ədalət!” beynəlxalq kampaniyası informasiya mübarizəsində mühüm dönüş nöqtəsi olub. Bu təşəbbüs sayəsində müxtəlif ölkələrdə konfranslar, sərgilər, təqdimatlar keçirilib, çoxsaylı nəşrlər yayımlanıb və geniş ictimaiyyət məlumatlandırılıb. Fondun vitse-prezidenti Leyla Əliyevanın rəhbərliyi ilə həyata keçirilən layihələr Xocalı soyqırımının beynəlxalq hüquqi və siyasi müstəvidə tanınmasına böyük töhfə verib. Artıq 20-yə yaxın ölkənin Xocalı soyqırımını rəsmən tanıması informasiya və diplomatiya sahəsində qazanılmış mühüm uğur kimi dəyərləndirilir. Bu proses göstərdi ki, həqiqətin müdafiəsi yalnız hərbi və siyasi deyil, həm də ideoloji və informasiya sahəsində ardıcıl fəaliyyət tələb edir.
Tarixi ədalət yalnız bəyanatlarla deyil, düşünülmüş və uzunmüddətli strategiya ilə təmin edilib. Güclü iqtisadiyyatın qurulması, beynəlxalq enerji və nəqliyyat layihələrinin reallaşdırılması, müstəqil və balanslaşdırılmış xarici siyasət xətti mövqenin möhkəmlənməsinə imkan yaradıb. Eyni zamanda, müasir silah-sursatla təchiz olunmuş peşəkar ordu formalaşdırılıb. Müdafiə qabiliyyətinin artırılması, hərbi hazırlığın gücləndirilməsi və maddi-texniki bazanın yenilənməsi gələcək qələbənin əsas şərtlərindən biri idi. Dövlətimizin başçısının vurğuladığı kimi, hər gün, hər ay biz Qələbəyə doğru addımlayırdıq və mən bunu işğal dövründə dəfələrlə demişdim ki, hər gün biz Qələbəni yaxınlaşdırmalı idik və yaxınlaşdırdıq.
2020-ci ildə 44 gün davam edən Vətən müharibəsi nəticəsində düşmən məğlub edilib və kapitulyasiya aktına imza atmağa məcbur olub. Bu qələbə yalnız hərbi üstünlük deyil, həm də illərlə aparılan siyasi və diplomatik hazırlığın məntiqi yekunu idi. 2023-cü ildə həyata keçirilmiş antiterror tədbirləri nəticəsində qanunsuz silahlı birləşmələr tərk-silah edilib və separatçı rejimə son qoyulub. Bununla da ölkəmizin suverenliyi və ərazi bütövlüyü təmin edilib. Müharibə cinayətkarlarının Bakıda məhkəmə qarşısına çıxarılması isə ədalətin hüquqi müstəvidə də reallaşdığını nümayiş etdirir. Prezident İlham Əliyevin “Ədaləti biz özümüz təmin etdik” fikri bu mərhələnin ideoloji məğzini ifadə edir.
Memorial Kompleksin məhz Xocalıda açılması xüsusi mənəvi əhəmiyyət daşıyır. 2024-cü il fevralın 26-da keçirilən təməlqoyma mərasimində ifadə olunan inamın reallaşması siyasi qətiyyətin və strateji baxışın göstəricisidir. Bu Kompleks təkcə keçmişi xatırlatmır, həm də gələcəyə mesaj verir. Uzun illər didərgin həyatı yaşayan, doğmalarını itirən insanlar artıq doğma torpaqda anım mərasimində iştirak edirlər. Onları ayaqda saxlayan əsas amil ədalətə, dövlətə və orduya olan inam idi. Kompleks, həmçinin faciənin unudulmaması, həm də gələcək nəsillərin ayıq və güclü olması üçün simvolik çağırışdır.
Azərbaycan böyük iqtisadi potensiala, müasir orduya və müstəqil siyasət yürütmək imkanına malikdir. Qazanılmış qələbə regionda yeni reallıq yaradıb və davamlı sülhün əsas təminatına çevrilib. Müharibə beynəlxalq humanitar hüququn norma və prinsipləri çərçivəsində aparılıb, mülki əhali hədəf seçilməyib. Bu mövqe mənəvi üstünlüyü möhkəmləndirib və beynəlxalq aləmdə hörməti artırıb. Dövlətimizin başçısının çıxışında vurğuladığı kimi, bu gün dövlətimiz güclü dövlətdir, özünü müdafiə etməyə qadir olan dövlətdir: “Son 80 il ərzində bizim qədər tam və mütləq qələbə qazanmış ikinci dövlət olmamışdır dünyada. Bu gün biz sülh içində yaşayırıq və bunun təminatçısı Azərbaycan dövlətidir, bizim siyasətimizdir”.
Xocalı Soyqırımı Memorialının açılışı tarixi ədalətin və milli iradənin təntənəsidir. Bu hadisə göstərdi ki, milli birlik, güclü dövlətçilik, strateji səbr və əyilməz iradə nəticə etibarilə ən ağır ədalətsizliyi belə aradan qaldırır. Xocalı faciəsi unudulmayacaq. Lakin bu yaddaş artıq yalnız kədər deyil, həm də güc və qürur mənbəyidir. Memorial Kompleks isə silinməz tarixi yaddaşın, milli ləyaqətin və təmin olunmuş ədalətin əbədi rəmzi kimi yaşayacaqdır.

Bədəl Bədəlov
Milli Məclisin deputatı