backend

Deputat: “Çin dili gələcəyin strateji seçimidir”

Milli Məclisin deputatı Razi Nurullayev Çin dilinin öyrənilməsinin vacibliyi ilə bağlı açıqlama verib.

Deputat bildirib ki, Çin dili öyrənmək artıq sadəcə fərdi inkişaf məsələsi deyil, gələcəyə hesablanmış strateji seçimdir. Onun sözlərinə görə, dünya sürətlə dəyişir və qlobal iqtisadiyyatın əsas mərkəzlərindən biri olan Çin bir çox sahədə ön sıradadır.

Razi Nurullayev qeyd edib ki, ticarət, texnologiya, sənaye, süni intellekt və logistika istiqamətlərində Çin mühüm mövqeyə malikdir və bu reallıq yaxın illərdə daha da güclənəcək.

Deputat vurğulayıb ki, necə ki, bir zamanlar ingilis dili qlobal ünsiyyət vasitəsinə çevrildi, Çin dili də böyük iqtisadi və siyasi güc fonunda təsir dairəsini genişləndirir:

“Bu reallığı indidən görmək və hazırlaşmaq lazımdır. Kim qlobal iqtisadi prosesləri anlayır və böyük bazarlarla birbaşa ünsiyyət qura bilirsə, o, daha üstün mövqedə olur”.

Razi Nurullayev hesab edir ki, orta məktəblərdə Çin dilinin tədrisi mərhələli şəkildə tətbiq olunmalıdır. Onun fikrincə, uşaqların erkən yaşdan bu dili öyrənməsi onların gələcək karyerasına və dünyagörüşünə mühüm töhfə verə bilər.

Deputat valideynlərə də çağırış edib:

“Gecikməyək. Bu gün atılan addım sabahın üstünlüyünə çevrilir. Uşaqlarımıza gələcəyin dünyasına hazır olmaq imkanı yaratmalıyıq”.