backend

Erməni separatizminə xidmət edən dinləmələr

"Azərbaycan Cənubi Qafqazda formalaşdırdığı yeni geosiyasi reallıqla regionun təhlükəsizlik arxitekturasını əsaslı şəkildə dəyişib. Uzun illər davam edən münaqişə və qeyri-müəyyənlik mərhələsindən sonra yaranmış sabitlik mühiti təkcə hərbi-siyasi deyil, həm də regional əməkdaşlıq baxımından yeni münasibətlər sisteminin yaranmasını şərtləndirib. Rəsmi Bakının atdığı siyasi addımlar postmünaqişə mərhələsində davamlı sülhün təmin olunmasına hesablanıb". Bu fikirləri Milli Məclisin deputatı Samir Vəliyev deyib.
Deputat bildirib ki, ötən ilin avqustunda Vaşinqton razılaşmalarından sonra hazırda bölgədə dayanıqlı sülhün təmin olunması üçün ciddi zəmin yaranıb. Bu gün Azərbaycanla Ermənistan qarşılıqlı etimad mühiti formalaşdırırlar. Lakin Cənubi Qafqazda sülhün bərqərar olmasını istəməyən qüvvələr təxribatçı əməllər törədirlər.
Millət vəkilinin sözlərinə görə, xüsusilə Avropa məkanında müəyyən dairələrin separatizmə dolayı və ya açıq dəstək xarakterli təşəbbüslərlə çıxış etməsi müşahidə olunur. Erməni lobbisinin təsiri altında olan bu qruplar, bəzən isə şəxslər müxtəlif ölkələrdə müəyyən qərəzli dinləmələr və hüquqi əsası olmayan çağırışlarla, əsassız sorğularla gündəmə gəlməyə çalışırlar. Lakin bu cəhdlər nə regiondakı real vəziyyəti dəyişir, nə də beynəlxalq hüququn prinsiplərinə təsir göstərir. Əksinə, bu fəaliyyətlər daha çox siyasi manipulyasiya və informasiya təzyiqi aləti kimi çıxış edir.
Təəssüfləndirici haldır ki, belə təşəbbüslər bəzən Azərbaycana dost və tərəfdaş kimi tanınan ölkələrdə də özünü göstərir. Halbuki həmin dövlətlər rəsmi səviyyədə birmənalı şəkildə Azərbaycanın ərazi bütövlüyünü, suverenliyini tanıyır, regionda sülh təşəbbüslərini dəstəkləyirlər.
Böyük Britaniya parlamentinin İcmalar Palatasında fevralın 25-də keçirilən dinləmələr də bu ölkənin hökumətinin rəsmi mövqeyinə ziddir.
Erməni separatizminə xidmət edən həmin dinləmələr hazırda regionda mövcud sülh prosesinə uyğun deyil. Britaniya parlamentariləri nəzərə almalıdır ki, Azərbaycanda “Dağlıq Qarabağ” adlı ərazi vahidi yoxdur. Qarabağ bölgəsi Azərbaycanın suveren ərazisidir və bu, Böyük Britaniya da daxil olmaqla beynəlxalq ictimaiyyət tərəfindən birmənalı şəkildə tanınır. Bu səbəbdən dinləmələrdə “Dağlıq Qarabağ” termini, burada erməni irsi barədə səslənən iddialar hüquqi və tarixi baxımdan qəbuledilməzdir. Bu, Azərbaycan dövlətinin ərazi bütövlüyünə və suverenliyinə qarşı yönəlmiş siyasi kampaniyadır.
Deputat qeyd edib ki, Azərbaycanla Britaniya dost olkələrdir, qarşılıqlı münasibətlər qaneedicidir. Belə olan halda bu ölkənin parlamentinin İcmalar Palatasında keçirilən dinləmələr ölkələrimiz arasında əlaqələrin ruhuna zidd olmaqla yanaşı regionumuzda sülh prosesinə zərbə vurmağa yönəlib.