backend

Yerli istehsal və ekoloji dayanıqlılığın yeni mərhələsi başlayır

Bu gün ölkə rəhbəri İlham Əliyev Bakı Ekspo Mərkəzinin həyətində məişət tullantıları daşıyan yeni kommunal texnikalarla tanış oldu. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin sifarişi ilə Gəncə Avtomobil Zavodu-nda istehsal edilən bu texnikalar ölkənin 58 şəhər və rayonuna göndəriləcək. Hər birinin tutumu 22 kubmetr olan ümumilikdə 70 ədəd müasir kommunal texnika həm Bakıdan, həm də Gəncədən bölgələrə yola salınacaq.
Bu hadisə təkcə yeni texnikaların təqdimatı deyil, həm də dövlətin qeyri-neft sektorunun inkişafına yönəlmiş strateji kursunun bariz nümunəsidir. Son illər Prezident İlham Əliyevin rəhbərliyi ilə iqtisadiyyatın şaxələndirilməsi, yerli istehsalın stimullaşdırılması və sənaye potensialının gücləndirilməsi istiqamətində sistemli addımlar atılır. Xüsusilə regionların sosial-iqtisadi inkişaf proqramları çərçivəsində qeyri-neft sənayesinin payının artırılması prioritet hədəflərdən biri kimi müəyyən edilib.
Kommunal texnikaların məhz yerli zavodda istehsal olunması bir neçə mühüm məqamı özündə ehtiva edir. İlk növbədə, bu, daxili istehsalın genişlənməsi və idxaldan asılılığın azalması deməkdir. Digər tərəfdən, sənaye müəssisələrinin dayanıqlı fəaliyyəti yeni iş yerlərinin qorunub saxlanılması və açılması baxımından xüsusi əhəmiyyət daşıyır. Hazırda Gəncə Avtomobil Zavodunda 500-ə yaxın vətəndaşın çalışması regionlarda məşğulluğun təmin olunmasına real töhfədir.
Zavodun tarixinə nəzər saldıqda görürük ki, onun əsası 1986-cı ildə Ümummilli Lider Heydər Əliyev-in təşəbbüsü ilə qoyulub, 2004-cü ildə isə Prezident İlham Əliyevin tapşırığı ilə müəssisə yenidən fəaliyyətə başlayıb. Bu gün zavodda traktorlar, kombaynlar, müxtəlif kənd təsərrüfatı və yük texnikaları istehsal olunur. Yeni kommunal maşınların istehsalı isə müəssisənin texnoloji imkanlarının daha da genişləndiyini göstərir.
Digər mühüm aspekt ekoloji təhlükəsizlik və şəhər təsərrüfatının müasirləşdirilməsidir. Paytaxt Bakı ilə yanaşı, bölgələrdə parkların, yaşıllıq zolaqlarının salınması, müasir infrastrukturun qurulması ekoloji siyasətin əsas istiqamətlərindəndir. Müasir tullantı daşıyan texnikaların regionlara göndərilməsi sanitariya-gigiyena vəziyyətinin yaxşılaşdırılmasına, məişət tullantılarının vaxtında və səmərəli daşınmasına, ətraf mühitin qorunmasına xidmət edəcək. Bu isə vətəndaşların həyat keyfiyyətinə birbaşa təsir göstərən amildir.
Bütün bunlar göstərir ki, qeyri-neft sektoruna verilən dəstək artıq konkret nəticələr doğurur. Yerli sənayenin inkişafı, regionların iqtisadi fəallığının artması və ekoloji layihələrin genişlənməsi Azərbaycanın dayanıqlı inkişaf modelinin əsas sütunlarını təşkil edir. Gələcək gözləntilər isə daha böyükdür: sənaye parklarının və məhəllələrinin genişləndirilməsi, ixracyönümlü istehsalın artırılması, innovativ texnologiyaların tətbiqi və “yaşıl iqtisadiyyat” prinsiplərinin daha geniş miqyasda həyata keçirilməsi.
Bu baxımdan Bakı Ekspo Mərkəzində təqdim olunan kommunal texnikalar sadəcə istehsal nümunəsi deyil, həm də dövlətin strateji baxışının, iqtisadi müstəqillik və davamlı inkişaf siyasətinin praktik təzahürüdür. Qeyri-neft sektorunun güclənməsi Azərbaycanın uzunmüddətli iqtisadi sabitliyinin və sosial rifahının əsas təminatçılarından biri olaraq qalır.

Məşhur Məmmədov,
Milli Məclisin deputatı