backend

“Mülki İnfrastrukturun Hədəfə Alınması Qəbuledilməzdir” – Deputat Müşfiq Məmmədli Naxçıvana Dron Hücumunu Sərt Pislədi

Milli Məclisin deputatı Müşfiq Məmmədli İran İslam Respublikası ərazisindən Naxçıvan istiqamətində həyata keçirilən dron hücumu ilə bağlı paylaşım edib.

Deputat bildirib ki, Naxçıvan ərazisində mülki infrastrukturu hədəf alan bu cür addımlar beynəlxalq hüququn norma və prinsiplərinə ziddir və regionda sabitliyə ciddi təhdid yaradır.

Onun sözlərinə görə, baş vermiş hadisə ilə bağlı İran tərəfi qısa müddət ərzində məsələyə rəsmi izahat verməli, oxşar halların gələcəkdə təkrarlanmaması üçün zəruri tədbirlər görməlidir.

Müşfiq Məmmədli vurğulayıb ki, Azərbaycan Respublikası hər zaman mehriban qonşuluq, qarşılıqlı hörmət və beynəlxalq hüququn prinsiplərinə sadiq qalıb. Azərbaycan ərazisindən heç vaxt İran və ya digər dövlətlər üçün təhlükə yaranmayıb və belə bir niyyət də mövcud deyil.

Deputat qeyd edib ki, Azərbaycan çətin məqamlarda da humanitar və dost münasibətlər nümayiş etdirərək qonşularına dəstək olub. Bu baxımdan, mülki vətəndaşların istifadə etdiyi obyektlərin hədəfə alınması qəbuledilməzdir və dinc əhaliyə qarşı yönəlmiş addım kimi qiymətləndirilməlidir.