backend

Deputat:“Mülki Obyektlərin Hədəfə Alınması Qəbuledilməzdir”

Milli Məclisin deputatı Fatma Yıldırım İran İslam Respublikası ərazisindən Naxçıvan istiqamətində həyata keçirilmiş dron hücumu ilə bağlı paylaşım edib.

Bugün İran İslam Respublikası ərazisindən Naxçıvan istiqamətində həyata keçirilmiş dron hücumu ciddi narahatlıq doğuran hadisədir və qətiyyətlə pislənilməlidir. Azərbaycan ərazisində mülki infrastruktura qarşı belə bir addımın atılması beynəlxalq hüququn norma və prinsiplərinə ziddir və regionda gərginliyin artmasına xidmət edir.

İran tərəfi bu məsələyə qısa müddət ərzində aydınlıq gətirməli, baş vermiş insidentlə bağlı izahat verməli və gələcəkdə bu kimi halların təkrarlanmaması üçün zəruri tədbirlər görməlidir. Mülki obyektlərin, xüsusilə də vətəndaşların istifadə etdiyi infrastrukturun hədəfə alınması qəbuledilməzdir və belə addımlar təhlükəsizlik mühitinə mənfi təsir göstərir.

Azərbaycan hər zaman regionda qonşuluq və qarşılıqlı hörmət prinsiplərinə sadiq qalıb. Ölkəmizin ərazisi heç vaxt İran və ümumilikdə heç bir dövlət üçün təhlükə mənbəyi olmayıb. Əksinə, Azərbaycan çətin məqamlarda da humanist mövqe nümayiş etdirərək qonşularına dəstək göstərib. Bunun nümunəsi olaraq, İranın ali dini liderinin vəfatı ilə bağlı Azərbaycan Prezidenti cənab İlham Əliyev tərəfindən dərhal başsağlığının verilməsi və İran səfirliyinin ziyarət edilməsi xüsusi qeyd olunmalıdır.

Belə bir fonda Naxçıvan ərazisində mülki obyektin hədəf alınması təəssüf doğurur və dinc sakinlərin təhlükəsizliyi baxımından ciddi narahatlıq yaradır. Ümid edirik ki, İran tərəfi məsələni obyektiv şəkildə araşdıracaq, lazımi açıqlamaları verəcək və regionda gərginliyin artmasına səbəb ola biləcək addımların qarşısının alınması üçün müvafiq tədbirlər görəcək.

Eyni zamanda, tarix göstərir ki, Azərbaycana qarşı yönələn hər hansı təxribat və ya hücum heç vaxt nəticəsiz qalmayıb. Belə addımların müəllifləri gec-tez bunun yanlışlığını anlayıblar və peşman olublar. Azərbaycan tərəfi də öz suverenliyinə və təhlükəsizliyinə qarşı yönəlmiş hər hansı addıma münasibətdə müvafiq cavab tədbirləri görmək hüququnu özündə saxlayır və bu kimi hücum aktlarının cavabsız qalmayacağı aydındır.