Martın 5-də İran İslam Respublikasının silahlı qüvvələri tərəfindən pilotsuz uçuş aparatları vasitəsilə Azərbaycan Respublikasının Naxçıvan Muxtar Respublikasının beynəlxalq hava limanına və digər mülki infrastruktura hücum aktlarının həyata keçirilməsi bütün Azərbaycan ictimaiyyətinin ciddi narahatlığına və böyük hiddətinə səbəb olmuşdur. Bu hücum molla rejiminin nankorlugu və riyakarlığı kimi qiymətləndirilməlidir. Qonşu İran dövlətinin bu hücum aktını qətiyyətlə pisləyir, Azərbaycan xalqından üzr istəyərək ölkəmizə qarşı qərəzli təbliğata və bütün təxribat cəhdlərinə birmənalı şəkildə son qoyulmasını tələb edirik!
Bu fikirləri açıqlamasında Milli Məclisin üzvü Tamam Cəfərova deyib.
Deputat bildirib ki, bu hadisəyə görə məsuliyyət tam şəkildə İran İslam Respublikasının üzərinə düşür. Mülki infrastruktura dron hücumu təşkil etmək acizlik və qorxaqlıq əlamətidir. Azərbaycana hücum edənlər həmişə peşman olublar, İran da bu qorxaq əməlinə görə peşman olacaq. Mülki infrastruktura yönəlmiş zərbələr beynəlxalq humanitar hüququn fundamental normalarının kobud şəkildə pozulması deməkdir. Prezident İlham Əliyev Təhlükəsizlik Şurasının bu gün keçirilən iclasında İran tərəfindən edilən hücum aktlarını Azərbaycan ərazisinə qarşı, Azərbaycan dövlətinə qarşı terror aktı kimi qiymətləndirib : “Naxçıvan Muxtar Respublikasının ərazisini İran dövləti pilotsuz uçuş aparatları ilə atəş altına salıb. Atəşin hədəfləri mülki obyektlər idi. Naxçıvan Beynəlxalq Hava Limanı, onun terminal binası, məktəb və digər istiqamətlər İran tərəfindən namərd atəşə məruz qalmışdır. Azərbaycan dövləti bu çirkin terror aktını qətiyyətlə pisləyir, bunu törədənlər dərhal məsuliyyətə cəlb edilməlidir. Azərbaycan tərəfinə İran rəsmiləri tərəfindən izahat verilməlidir, üzr istənilməlidir və bu terror aktını törədənlər cinayət məsuliyyətinə cəlb edilməlidir”. Ölkə başçımız İranın bu çirkin əməllərini nankorluq, xainlik, şərəfsizlik adlandırdı və baş vermiş bu terror aktının cavabsız qalmayacağını bildirdi.
Tamam Cəfərova vurğulayıb ki, dövlətlərin suverenliyinə hörmət və bir-birinə qarşı silahlı güc tətbiq etməmək prinsipi beynəlxalq münasibətlər sisteminin əsas sütunlarından biridir. Bu baxımdan, suveren Azərbaycan dövlətinin ərazisinə pilotsuz aparatlarla zərbə endirilməsi yalnız iki ölkə arasındakı münasibətlərə deyil, ümumilikdə regionda sabitlik və təhlükəsizlik mühitinə ciddi zərbə vurur. Azərbaycan hər zaman regionda sülh, qarşılıqlı hörmət və yaxşı qonşuluq prinsiplərinə sadiq qalıb. Ölkəmizin ərazisi heç vaxt İran və ya başqa bir dövlət üçün təhlükə mənbəyi olmayıb. Əksinə, Azərbaycan çətin məqamlarda belə humanist mövqe nümayiş etdirərək qonşularına dəstək göstərib. Bunun bariz nümunələrindən biri İranın ali dini liderinin vəfatı ilə bağlı Azərbaycan Prezidenti cənab İlham Əliyev tərəfindən dərhal başsağlığının ifadə olunması və İran səfirliyinin ziyarət edilməsidir. Bu addım Azərbaycan dövlətinin münasibətlərdə humanizm və hörmət prinsiplərinə necə önəm verdiyini bir daha göstərir.
Bunun qarşılığında isə bizə qarşı nankor, nakişi addım atılır. Necə ki, cənab Prezident ona da diqqəti cəlb etdi, elə bu gün İranın xarici işlər nazirinin müavini xahiş etmişdi ki, Livandakı diplomatik nümayəndəliyin əməkdaşlarının oradan çıxarılmasına, təyyarə ilə İrana gətirilməsinə Azərbaycan köməklik etsin. “Biz bu köməkliyi də etdik. Hətta bunun müqabilində bizə ödəniş təqdim ediləndə ondan da imtina etdik. Bildirdik ki, dar gündə bir-birimizə dəstək olmalı, kömək etməliyik və buna görə heç bir ödənişə ehtiyac yoxdur. Yəni bu, bizim mövqeyimizdir, bizim kişiyanə mövqeyimizdir. Bu isə İranın nakişi mövqeyidir”. Cənab Prezident onu da qeyd etdi ki, bu gün bütün Silahlı Qüvvələrimiz tam səfərbərlik vəziyyətindədir və İranın Azərbaycana qarşı hər hansı addımına adekvat cavab verilməlidir. Bizə qarşı bu terror aktını törədənlər peşman olacaqlar. Prezident çıxışında səslənən ən sərt mesaj isə birmənalı idi. Azərbaycanın suverenliyinə qarşı yönəlmiş heç bir addım cəzasız qalmayacaq. Dövlət başçısı açıq şəkildə xatırlatdı ki, Azərbaycanın gücünü sınamaq istəyənlər artıq bunun nəticəsini tarixdə görüblər. Prezidentin məşhur ifadəsi ilə desək, “Azərbaycan xalqı əmin olmalıdır ki, istənilən bəd qüvvə bizim “Dəmir yumruğ”umuzu görəcək.”
Azərbaycan dövləti öz sərhədlərinin təhlükəsizliyini və vətəndaşlarının rifahını hər şeydən uca tutur, istənilən xarici təhdidə qarşı həm döyüş meydanında, həm də diplomatik masada ən kəskin cavabı verməyə hazırdır – deyə, Tamam Cəfərova açıqlamasını sona çatdırıb.
OXŞAR XƏBƏRLƏR
banner / gundem / Siyasət
banner / gundem / Siyasət
banner / gundem / Siyasət
banner / gundem / Siyasət
banner / gundem / Siyasət
gundem / Siyasət
gundem / Sosial








