Bakı şəhəri Yasamal rayonu, Alatava 134 “a” ünvanında yaşayan vətəndaş Novruz Gülməmmədov redaksiyamıza müraciət edərək yol polisi əməkdaşının davranışı ilə bağlı narazılığını bildirib.
Vətəndaşın sözlərinə görə, hadisə dünən axşam saatlarında baş verib. O bildirir ki, yaşadığı ünvana doğru hərəkət edərkən idarə etdiyi avtomobili dövlət yol polisi maşınının izlədiyini müşahidə edib.
Novruz Gülməmmədov qeyd edir ki, avtomobilini yaşadığı ünvanın qarşısında saxladıqdan sonra yol polisi əməkdaşı ona yaxınlaşıb və qeyri-adi şəkildə “şirinlik” istədiyini bildirib:
“Mat-məəttəl qaldım. Dedim, bu nə deməkdir, hansı şirinlik? O isə cavabında bildirdi ki, əks halda cərimə yazmalı olacaq. Daha sonra təhlükəsizlik kəmərinə görə 20 manat cərimə tətbiq etdi, başını bulayıb 99 YP 362 dövlət nömrə nişanlı xidmət avtomobilinə tərəf getdi.”
Şikayətçi hesab edir ki, belə davranış Azərbaycan polisinin nüfuzuna xələl gətirir və bu cür halların qarşısı alınmalıdır.
Novruz Gülməmmədov məsələ ilə bağlı Azərbaycan Respublikasının daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazova müraciət edərək bildirib:
“Azərbaycan polisinə şərəf və nüfuz qazandırmalı olan əməkdaşların belə ucuz davranışları qəbuledilməzdir. Xahiş edirəm ki, bu məsələ araşdırılsın və polis adına hörmətsizlik gətirən həmin yol polisi əməkdaşı barəsində tədbir görülsün ki, bu hal başqalarına da dərs olsun.”
Vətəndaş ümid edir ki, məsələ aidiyyəti qurumlar tərəfindən araşdırılacaq və qanun çərçivəsində müvafiq qərar veriləcək.











