backend

Deputat Sahib Alıyev: “Aİ ilə münasibətlərdə yeni mərhələ formalaşır”

Milli Məclisin deputatı Sahib Alıyev Antonio Koştanın Azərbaycana səfərini və səfər çərçivəsində səsləndirilən fikirləri şərh edib.

Deputat bildirib ki, Avropa İttifaqı Şurasının prezidentinin ölkəmizə səfəri Brüsselin artıq ayırıcı xətlərsiz, sülhə əsaslanan və geosiyasi subyekt kimi çıxış etməyi bacaran Cənubi Qafqazın maraqlarını daha yaxşı anladığını göstərir. Onun sözlərinə görə, İlham Əliyev ilə Antonio Koştanın birgə mətbuat bəyanatlarında yer alan məqamlar da bu reallığı təsdiqləyir.

Sahib Alıyev vurğulayıb ki, bəyanatda əsas diqqət çəkən məqamlardan biri Azərbaycan ilə Avropa İttifaqı arasında ikitərəfli münasibətləri daha da inkişaf etdirəcək və möhkəm hüquqi çərçivə yaradacaq yeni, əhatəli saziş üzrə danışıqların tezliklə yekunlaşdırılmasının qeyd olunmasıdır.

Deputatın sözlərinə görə, Avropa İttifaqının “Qlobal Qapı” layihəsi çərçivəsində Naxçıvan dəmir yolunun müasirləşdirilməsinə dəstək və TRIPP layihəsinin icrası istiqamətində Azərbaycanla əməkdaşlıq niyyəti regionda nəqliyyat və logistika imkanlarının genişləndirilməsinə xidmət edir. O qeyd edib ki, “Sülh Qovşağı” ifadəsi emosional səslənsə də, rasional yanaşma region üçün Zəngəzur dəhlizinin əhəmiyyətini ortaya qoyur.

Sahib Alıyev həmçinin vurğulayıb ki, Azərbaycanın Avropanın enerji təhlükəsizliyinə verdiyi töhfə getdikcə daha aydın görünür. Bu baxımdan enerji sahəsində əməkdaşlığın genişləndirilməsi, xüsusilə də Qara dəniz sualtı kabeli layihəsi və qarşılıqlı enerji bağlantılarının inkişafı xüsusi önəm daşıyır. Deputat bildirib ki, Azərbaycanda artıq daxili tələbatdan təxminən 2 giqavat artıq enerji istehsal olunur və bu göstəricinin gələcəkdə daha da artacağı gözlənilir.

Deputat paylaşımında vətəndaşları maraqlandıran məsələlərə də toxunub. O qeyd edib ki, qarşılıqlı səyahətləri asanlaşdıracaq Viza Sadələşdirilməsi Sazişinin davamlı icrasına diqqət ayrılması müsbət haldır. Onun fikrincə, əgər Avropa İttifaqı Cənubi Qafqazı doğrudan da geosiyasi tərəfdaş kimi görürsə, gələcəkdə Azərbaycan vətəndaşları üçün vizasız gediş-gəliş rejiminin tətbiqi məsələsi də aktual müzakirə mövzusu ola bilər.