backend

Abşeronda Vətən Müharibəsi şəhidi Rauf İbadovun 30 illik yubileyi anılıb

Milli Məclisin deputatı Zaur Şükürov Abşeron rayonunun Saray qəsəbəsində Vətən Müharibəsi şəhidi Rauf Məhərrəm oğlu İbadovun 30 illik yubileyi münasibətilə keçirilən anım tədbirində iştirak edib.

Tədbirdə şəhidin həyat yolu, döyüş fəaliyyəti və Vətən uğrunda göstərdiyi qəhrəmanlıq xatırlanıb.

1996-cı il mayın 4-də Saray qəsəbəsində anadan olan Rauf İbadov 2002–2013-cü illərdə 2 saylı orta məktəbdə, 2013–2017-ci illərdə isə Azərbaycan Memarlıq və İnşaat Universitetinin İnşaat Texnologiya fakültəsində təhsil alıb. 2017–2018-ci illərdə hərbi xidmətdə olub və nümunəvi xidmətinə görə fəxri fərmanla təltif edilib.

Onun uşaqlıqdan rəsm və incəsənətə olan marağı sonrakı illərdə də davam edib, universitet illərində əsərləri ilə sərgilərdə iştirak edərək bir sıra fəxri fərmanlara layiq görülüb.

Tədbirdə qeyd olunub ki, 2020-ci ilin iyulunda Tovuz döyüşləri zamanı Rauf İbadov könüllü olaraq orduya yazılıb və “Polad Həşimovun qisasını almağa gedirəm” deyərək ön cəbhəyə yollanıb.

Vətən müharibəsi başlayan gündən etibarən Füzuli, Cəbrayıl, Hadrut və Qubadlı istiqamətlərində döyüşən Rauf İbadov manqa komandiri kimi xidmət göstərib. O, 23 oktyabr 2020-ci ildə Laçın dəhlizi istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olub.

Şəhid Saray qəsəbəsində yerləşən Şəhidlər Xiyabanında dəfn olunub.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq sərəncamlarına əsasən Rauf İbadov ölümündən sonra “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilib.

Deputat Zaur Şükürov şəhidin ailəsinə başsağlığı verib, onun kimi qəhrəmanların heç vaxt unudulmayacağını vurğulayıb.

Allah bütün şəhidlərimizə rəhmət eləsin.