backend

Sahib Aliyev:340 il qüvvədə qalan “Qara Məcəllə” tarixə qovuşdu

Milli Məclisin deputatı Sahib Alıyev Fransanın müstəmləkəçilik siyasətinə dair paylaşım edib.

Deputat bildirib ki, Fransanın dövlət kimi mahiyyətini ortaya qoyan faktlardan biri 1685-ci ildə Kral XIV Luis tərəfindən imzalanmış və “Qara Məcəllə” (Code Noir) adlandırılan qanunun uzun illər qüvvədə qalmasıdır. Onun sözlərinə görə, həmin məcəllədə Fransanın müstəmləkələri altında yaşayan xalqlar “daşınar əmlak” kimi qiymətləndirilirdi.

Sahib Alıyev qeyd edib ki, Fransa Böyük Britaniya və Portuqaliyadan sonra dünyanın ən böyük qul ticarəti dövlətlərindən biri hesab olunur və müxtəlif hesablamalara görə, təxminən 1,4 milyon afrikalı bu siyasətin qurbanı olub.

Deputat vurğulayıb ki, Fransa parlamenti nəhayət bu qanunu ləğv etsə də, qərarda müstəmləkəçilik dövründə törədilmiş cinayətlərə görə təzminat məsələsi öz əksini tapmayıb. O xatırladıb ki, Prezident Emmanuel Macron vaxtilə belə təzminatların mümkünlüyünü istisna etməmişdi.

Paylaşımda qeyd olunur ki, quldarlığın 1848-ci ildə rəsmən ləğv edilməsindən sonra belə, “Qara Məcəllə”nin uzun müddət qüvvədə saxlanılması Fransanın müstəmləkəçilik irsinin davamı kimi qiymətləndirilə bilər.

Sahib Alıyev hesab edir ki, rəsmi Paris bu addımdan sonra yeni müstəmləkəçilik siyasətinə də son qoymalı, “dənizaşırı ərazilər” adlandırılan bölgələrdə yaşayan yerli xalqların müstəqillik və öz müqəddəratını təyin etmə hüququnun təmin olunması istiqamətində real addımlar atmalıdır.