backend

Deputat: Qarabağ və Şərqi Zəngəzurun siması dəyişir

Prezident İlham Əliyevin Qarabağ və Şərqi Zəngəzura səfərləri bu bölgədən aparılan quruculuq abadlıq işlərinin, eyni zamanda öz yurd-yuvalarına geri qayıdan sakinlərlə görüşü və verilən mühüm mesajlarla yadda qalır. Bu mənada ölkəmizin başçısının Şuşanın Böyük Qaladərəsi, Xankəndi və Xocalıya səfərləri, etmiş olduğu açılışlar, əsası qoyulan mühüm infrastruktur obyektləri və görülən işlərlə tanışlıq mühüm əhəmiyyətə malikdir.
Bu sözləri YAP Təftiş Komissiyasının sədri, Milli Məclisin deputatı Sevinc Hüseynova deyib.
O qeyd edib ki, 28 May Müstəqillik Günündə dövlətimizin başçısının 30 ilə yaxın Ermənistanın işğalından azad edilən ərazilərdə öz doğma yurdlarına geri dönən sakinlərlə səmimi söhbətləri, verilmiş vacib mesajlar, yeni yaşayış və infrastrukturla tanışlıq vacib əhəmiyyət kəsb edir:
“Prezident İlham Əliyevin işğaldan azad olunmuş ərazilərə müntəzəm səfərləri ardıcıl xarakterə malikdir.  Bu bir reallıqdır ki, Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən bərpa-quruculuq layihələri, keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışı və bölgənin yeni inkişaf mərhələsinə qədəm qoyması dövlət siyasətinin prioritet istiqamətinə çevrilib. Sözsüz ki, Prezidentin Şuşanın Böyük Qaladərəsi kəndinə, Xankəndi və Xocalıya etdiyi səfərlər Azərbaycanın suverenliyinin möhkəmləndirilməsi, milli həmrəyliyin gücləndirilməsi və tarixi ədalətin bərpası baxımından mühüm mesajlarla yadda qalıb.
44 günlük Vətən müharibəsində qazanılan tarixi Zəfərdən sonra Qarabağ və Şərqi Zəngəzurda başlayan yeni mərhələ Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən genişmiqyaslı bərpa proqramı ilə müşayiət olunur.
Dövlət başçısının bölgəyə hər səfəri bir daha göstərir ki, Azərbaycan yalnız torpaqlarını azad etməklə kifayətlənməyib, həm də həmin əraziləri dünyanın ən müasir və inkişaf etmiş bölgələrindən birinə çevirməyi qarşısına məqsəd qoyub.

Şuşanın Böyük Qaladərəsi kəndinə səfər zamanı Prezident İlham Əliyevin sakinlərlə görüşü xüsusi diqqət çəkdi. Uzun illər doğma torpaqlarından didərgin düşmüş insanların yenidən öz yurdlarına qayıtması Azərbaycanın “Böyük Qayıdış” proqramının uğurlu nəticələrindən biri kimi qiymətləndirilir.
Dövlətimizin başçısı da çıxışlarında vurğuladı ki, Qarabağda həyat sürətlə bərpa olunur və burada ən yüksək sosial standartlar tətbiq ediləcək.
Böyük Qaladərəsi kəndində aparılan tikinti və abadlıq işləri, yeni yaşayış evləri, yol infrastrukturu, elektrik, su və kommunikasiya xətlərinin çəkilməsi dövlətin bölgəyə xüsusi diqqətinin göstəricisidir. Prezident sakinlərlə söhbət zamanı onların gündəlik qayğıları, məşğulluq imkanları və sosial vəziyyəti ilə yaxından maraqlanması isə bir daha göstərdi ki, Azərbaycan dövlət siyasətinin mərkəzində insan amili dayanır.
Bütün bunlar onu deməyə əsas verir ki, Qarabağ və Şərqi Zəngəzurun Azərbaycanın iqtisadi inkişafının yeni mərkəzlərindən birinə çevriləcəyi labüddür. Ölkəmizin başçısının da bəyan etdiyi kimi burada kənd təsərrüfatı, turizm, xidmət və digər sahələrin inkişafı bölgədə minlərlə yeni iş yerinin açılmasına səbəb olacaq. Bu isə öz növbəsində Qarabağ və Şərqi Zəngəzurda dayanıqlı məskunlaşmanı və iqtisadi canlanmanı təmin edəcək.
Deputat bildirib ki, ölkəmizin başçısının bəyan etdiyi kimi Azərbaycanın ərazi bütövlüyü və suverenliyi tam təmin olunub: “Bundan sonra Qarabağda və Şərqi Zəngəzurda bütün proseslər yalnız Azərbaycan qanunları əsasında həyata keçirilir.
Təbi ki bu gün bölgədə həyata keçirilən genişmiqyaslı quruculuq abadlıq işləri və digər tədbirlər insanların təhlükəsiz və firavan şəraitdə yaşamalarının dövlətin əsas vəzifəsi olduğununun əyani təzahürü kimi xarakterizə olunur. Bu xüsusda aparılan abadlıq işləri, yeni infrastruktur layihələri və sosial obyektlərin yaradılması bölgənin sürətlə inkişaf etdiyini göstərir.
Xankəndidə universitetin, məktəblərin, xəstəxanaların və mədəniyyət müəssisələrinin fəaliyyətinin genişləndirilməsi şəhərin gələcək inkişaf konsepsiyasının əsas istiqamətlərindən biri kimi diqqət çəkir.
Ölkəmizin başçısının Xocalı olması burada görülən işlərlə tanışlıq açılışı edilən sosial obyektlər bir daha azad edilən ərazilərin hər bir qarışının Azərbaycan dövləti üçün önəmini ifadə edir.
Bütün bunlar onu deməyə əsas verir ki, Azərbaycan postmünaqişə dövründə regionda yeni reallıq formalaşdırır. Qarabağ artıq dağıntı və müharibə bölgəsi deyil, inkişaf və quruculuq məkanına çevrilir. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən layihələr bölgənin iqtisadi potensialını tam şəkildə üzə çıxarmağa hesablanıb.
Eyni zamanda bu səfərlər beynəlxalq ictimaiyyətə də mühüm mesaj verir. Azərbaycan göstərir ki, işğaldan azad edilmiş ərazilərdə bərpa və reinteqrasiya prosesi uğurla həyata keçirilir. Müasir şəhərsalma prinsipləri, “ağıllı kənd” və “ağıllı şəhər” layihələri Qarabağ və Şərqi Zəngəzurun gələcəyinin yüksək texnologiyalar və dayanıqlı inkişaf üzərində qurulduğunu nümayiş etdirir.
Böyük Qaladərəsi, Xankəndi və Xocalıya edilən səfərlər bir daha sübut etdi ki, Azərbaycan dövləti Qarabağın dirçəldilməsi və burada davamlı rifahın təmin olunması istiqamətində qətiyyətlə irəliləyir.
Bu gün Qarabağda aparılan genişmiqyaslı quruculuq işləri təkcə regionun bərpası deyil, həm də Azərbaycanın yeni inkişaf mərhələsinin simvoludur. Prezident İlham Əliyevin verdiyi mesajların əsas mahiyyəti də məhz bundan ibarətdir ki, Qarabağ və Şərqi Zəngəzur əbədi olaraq Azərbaycanın ayrılmaz hissəsidir və bu torpaqlarda həyat əvvəlkindən daha güclü, daha təhlükəsiz və daha firavan şəkildə davam edəcək”.