Prezident İlham Əliyevin Bakı Enerji Həftəsinin rəsmi açılış mərasimində səsləndirdiyi fikirlər Azərbaycanın son otuz ildə həyata keçirdiyi uğurlu enerji strategiyasının nəticələrini, ölkəmizin beynəlxalq enerji təhlükəsizliyində artan rolunu və gələcək inkişaf prioritetlərini bir daha nümayiş etdirdi.
Bu fikirləri İqtisadiyyat.az-a YAP Təftiş Komissiyasının sədri, Milli Məclisin deputatı Sevinc Hüseynova deyib.Deputat bildirib ki, bu gün Bakı Enerji Həftəsi dünyanın ən nüfuzlu enerji platformalarından biri kimi qəbul olunur:
"Vaxtilə Xəzər Neft və Qaz Sərgisi kimi əsası qoyulan bu tədbir hazırda qlobal enerji gündəliyinin müzakirə edildiyi, enerji təhlükəsizliyi, yaşıl enerji keçidi və beynəlxalq əməkdaşlıq məsələlərinin diqqət mərkəzində olduğu mötəbər beynəlxalq platformaya çevrilib. Dünyanın aparıcı enerji şirkətlərinin, dövlət rəsmilərinin və beynəlxalq təşkilatların nümayəndələrinin Bakıda bir araya gəlməsi Azərbaycanın enerji sahəsində beynəlxalq nüfuzunun və strateji əhəmiyyətinin göstəricisidir.
Bu ilki tədbirin xüsusi əhəmiyyət kəsb edən məqamlarından biri də Azərbaycanın qaz tarixində mühüm yer tutan “Şahdəniz” yatağı üzrə müqavilənin imzalanmasının 30 illiyinin qeyd olunmasıdır. Cənab Prezident İlham Əliyevin vurğuladığı kimi, 1996-cı ilin iyun ayında imzalanan “Şahdəniz” sazişi Azərbaycanın müasir qaz sənayesinin inkişafında yeni mərhələnin əsasını qoydu. Bu layihə sonradan Cənub Qaz Dəhlizinin formalaşmasına, Azərbaycanın Avropanın enerji təhlükəsizliyində etibarlı tərəfdaş kimi mövqeyinin möhkəmlənməsinə və ölkəmizin qlobal enerji bazarında strateji oyunçuya çevrilməsinə mühüm töhfə verdi".
Deputat vurğulayıb ki, dövlət başçısı çıxışında Azərbaycanın enerji strategiyasının əsasının ümummilli lider Heydər Əliyev tərəfindən, hələ 1990-cı illərdə qoyulduğunu və ölkənin çətin sosial-iqtisadi vəziyyətdən güclü, müstəqil və regional lider dövlətə çevrilməsində enerji strategiyasının həlledici rol oynadığını diqqətə çatdırdı:
"Bu gün Azərbaycanın qazı 16 ölkəyə ixrac olunur, onların 10-u Avropa İttifaqının üzvüdür. Bu fakt ölkəmizin Avropanın enerji təhlükəsizliyində artan rolunu və etibarlı tərəfdaş statusunu bir daha təsdiqləyir.
Çıxışda xüsusi diqqət çəkən məqamlardan biri ABŞ Prezidenti Donald Trampın Bakı Enerji Həftəsinə ünvanladığı məktub və Prezident İlham Əliyevin bu məktuba verdiyi yüksək qiymət oldu. Dövlət başçısı Prezident Trampın enerji məsələlərinə praqmatik yanaşmasını müsbət qiymətləndirərək qeyd etdi ki, son illərdə neft və qaz istehsalçısı ölkələrə qarşı aparılan əsassız kampaniyaların və qərəzli yanaşmaların aradan qaldırılması enerji təhlükəsizliyi baxımından mühüm əhəmiyyət daşıyır. Prezident İlham Əliyevin vurğuladığı kimi, dünya bu gün də enerji resursları olmadan inkişaf edə bilməz. Əsas məsələ neft və qaz ehtiyatlarının mövcudluğu deyil, həmin resurslardan əldə olunan gəlirlərin xalqın rifahına, iqtisadi inkişafına və gələcək nəsillərin maraqlarına xidmət etməsidir. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, “Ölkələr neftin olub-olmaması ilə deyil, gəlirlərdən necə istifadə etdiklərinə görə mühakimə edilməlidir.”
Azərbaycan bu baxımdan uğurlu nümunə ortaya qoyub. Enerji gəlirləri sosial infrastrukturun inkişafına, təhsil və səhiyyə sisteminin müasirləşdirilməsinə, müasir ordunun qurulmasına və ölkənin iqtisadi müstəqilliyinin möhkəmləndirilməsinə yönəldilib. Məhz həyata keçirilən düzgün enerji siyasəti nəticəsində Azərbaycan güclü iqtisadi potensial formalaşdırdı, xarici borcunu minimum səviyyəyə endirdi, strateji valyuta ehtiyatlarını əhəmiyyətli dərəcədə artırdı və 30 ilə yaxın işğal altında qalmış torpaqlarını azad edən güclü ordu qurdu".
Deputat qeyd edib ki, bu gün Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən genişmiqyaslı bərpa-quruculuq işləri də məhz həmin uğurlu iqtisadi siyasətin nəticəsidir: "Cənab Prezident İlham Əliyev çıxışında Azərbaycanın gələcək enerji strategiyasının əsas istiqamətlərindən biri kimi bərpaolunan enerji sektorunun inkişafını da ön plana çəkdi. Günəş, külək və hidroenerji layihələrinin genişləndirilməsi, Qarabağ və Şərqi Zəngəzurun yaşıl enerji zonasına çevrilməsi, eləcə də Qara dəniz enerji kabeli layihəsi Azərbaycanın həm ənənəvi, həm də yaşıl enerji sahəsində regional liderliyini daha da gücləndirəcək. Eyni zamanda, çıxışda vurğulanan nəqliyyat və enerji dəhlizləri, o cümlədən Cənub Qaz Dəhlizi, Orta Dəhliz və perspektivdə Zəngəzur dəhlizi Azərbaycanın Avrasiya məkanında strateji körpü rolunu daha da möhkəmləndirir. Bu layihələr yalnız iqtisadi deyil, həm də siyasi və geostrateji əhəmiyyət daşıyır. Prezident İlham Əliyevin Bakı Enerji Həftəsində səsləndirdiyi fikirlər bir daha göstərir ki, Azərbaycanın enerji siyasəti təkcə enerji resurslarının ixracına deyil, milli maraqların qorunmasına, iqtisadi müstəqilliyin möhkəmləndirilməsinə, beynəlxalq tərəfdaşlığın genişləndirilməsinə və dayanıqlı inkişafın təmin edilməsinə xidmət edir. Bu gün Azərbaycan həm enerji təhlükəsizliyi, həm yaşıl enerji keçidi, həm də regional əməkdaşlıq sahəsində mühüm təşəbbüslərlə çıxış edən və qlobal enerji gündəliyinin formalaşmasına töhfə verən nüfuzlu dövlət kimi öz mövqeyini daha da gücləndirir".





