backend

Fatma Yıldırım: Prezident İlham Əliyevin enerji siyasəti Azərbaycanın beynəlxalq nüfuzunu artırır

Milli Məclisin deputatı Fatma Yıldırım Bakı Enerji Həftəsinin rəsmi açılış mərasimində Prezident İlham Əliyev tərəfindən səsləndirilən fikirlərlə bağlı paylaşım edib.

Deputat bildirib ki, dövlət başçısının çıxışı Azərbaycanın keçdiyi inkişaf yolunu, əldə etdiyi nailiyyətləri və qarşıda duran strateji hədəfləri əhatəli şəkildə ortaya qoyub. Onun sözlərinə görə, bu çıxış Azərbaycanın qlobal enerji təhlükəsizliyinin təmin edilməsində etibarlı tərəfdaş, təşəbbüskar dövlət və regional əməkdaşlığın aparıcı qüvvəsi olduğunu bir daha nümayiş etdirib.

Fatma Yıldırım qeyd edib ki, Azərbaycanın enerji sahəsində qazandığı uğurların əsasında Ulu Öndər Heydər Əliyev tərəfindən müəyyənləşdirilən inkişaf strategiyası və Prezident İlham Əliyevin uğurla davam etdirdiyi siyasi kurs dayanır. Deputat vurğulayıb ki, ölkəmizin təşəbbüsü ilə həyata keçirilən enerji layihələri uzun illərdir Avrasiyanın enerji xəritəsinin formalaşmasında mühüm rol oynayır.

Paylaşımda Azərbaycanın enerji diplomatiyasının beynəlxalq nüfuzunun ildən-ilə artdığı, ölkəmizin Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında mühüm tərəfdaş kimi çıxış etdiyi qeyd olunub. Deputat xüsusilə vurğulayıb ki, enerji sektorunun şaxələndirilməsi, bərpaolunan enerji layihələrinin genişləndirilməsi və yaşıl enerji gündəliyinin uğurla icrası Azərbaycanın gələcək inkişafı baxımından böyük əhəmiyyət daşıyır.

Fatma Yıldırım hesab edir ki, Bakı Enerji Həftəsi çərçivəsində aparılan müzakirələr, imzalanan sənədlər və əldə olunan razılaşmalar Azərbaycanın beynəlxalq mövqeyinin daha da möhkəmlənməsinə, enerji sahəsində yeni uğurların qazanılmasına və strateji əhəmiyyətinin artmasına mühüm töhfə verəcək.