backend

Azərbaycanın mövqeləri möhkəmlənir

Müasir dünyada enerji artıq yalnız iqtisadi inkişafı təmin edən resurs kimi deyil, həm də dövlətlərin milli maraqlarını qoruyan, beynəlxalq münasibətlərə təsir göstərən və qlobal sabitliyin formalaşmasında mühüm rol oynayan strateji amil kimi qiymətləndirilir. Son dövrlərdə enerji bazarlarında baş verən dəyişikliklər, müxtəlif regionlarda yaranan geosiyasi gərginliklər və yeni enerji marşrutlarının meydana çıxması Azərbaycanın əhəmiyyətini daha da artırıb. Cənab Prezident İlham Əliyevin Bakı Enerji Həftəsinin açılış mərasimində səsləndirdiyi fikirlər də ölkəmizin beynəlxalq enerji sistemində tutduğu vacib mövqeni bir daha nümayiş etdirdi.

Azərbaycanın enerji sahəsində əldə etdiyi ən böyük uğurlardan biri güclü və etibarlı enerji infrastrukturunun qurulmasıdır. Cənab Prezident İlham Əliyevin qeyd etdiyi kimi, ölkəmiz uzun illər ərzində böyük həcmdə investisiya yatıraraq Xəzər regionunu dünya bazarları ilə birləşdirən mühüm enerji layihələri həyata keçirib. Bakı–Tbilisi–Ceyhan və Bakı–Supsa neft kəmərləri, Cənubi Qafqaz qaz kəməri, TANAP və TAP layihələri nəticəsində yaradılan Cənub Qaz Dəhlizi hazırda Avrasiya məkanının ən mühüm enerji nəqli sistemlərindən biri hesab olunur. Bu layihələr təkcə Azərbaycanın deyil, geniş coğrafiyada yerləşən ölkələrin enerji təhlükəsizliyinə də mühüm töhfə verir.

Azərbaycan qazına tələbatın artması və ixrac coğrafiyasının genişlənməsi ölkənin enerji siyasətinin uğurlu nəticələrindən biridir. Son bir il ərzində Azərbaycan qazını alan ölkələrin sayı 12-dən 16-ya yüksəlib. Bu ölkələrin 10-u Avropa İttifaqının üzvüdür. Bu göstərici Azərbaycanın Avropanın enerji təminatında etibarlı tərəfdaş kimi mövqeyini daha da möhkəmləndirir. Xüsusilə enerji mənbələrinin şaxələndirilməsi istiqamətində Avropada həyata keçirilən siyasət fonunda Azərbaycan mühüm alternativ təchizatçı kimi çıxış edir.

Azərbaycanın enerji potensialı yalnız mövcud hasilat imkanları ilə məhdudlaşmır. Dövlət başçısının vurğuladığı kimi, ölkənin təsdiqlənmiş qaz ehtiyatları həm daxili tələbatı, həm də tərəfdaş ölkələrin ehtiyaclarını uzun müddət ərzində qarşılamaq gücünə malikdir. Bu resurslar Azərbaycanın enerji sektorunun gələcəyinə inamı artırmaqla yanaşı, xarici tərəfdaşlar üçün də əlavə təminat yaradır.

Eyni zamanda Azərbaycan enerji siyasətində yeni istiqamətlər müəyyənləşdirərək bərpa olunan enerji mənbələrinin inkişafına xüsusi diqqət yetirir. Son illərdə günəş və külək enerjisi sahələrinə qoyulan investisiyalar bu sahənin prioritet istiqamətlərdən birinə çevrildiyini göstərir. Artıq bir sıra yaşıl enerji layihələri istifadəyə verilib. Qarabağ və Şərqi Zəngəzurda yaradılan hidroenerji potensialı isə ölkənin bərpa olunan enerji imkanlarını daha da genişləndirir.

Yaşıl enerji sahəsində beynəlxalq əməkdaşlığın gücləndirilməsi də Azərbaycanın əsas hədəflərindəndir. Bu baxımdan Qara dəniz Enerji Kabeli layihəsi xüsusi əhəmiyyət daşıyır. Həmin layihə vasitəsilə Azərbaycan, Gürcüstan, Rumıniya, Macarıstan və digər Avropa ölkələri arasında enerji əlaqələri daha da genişlənəcək. Nəticədə Xəzər regionunda istehsal olunan yaşıl enerji Avropa bazarına çatdırılacaq. Bundan başqa, Azərbaycan–Gürcüstan–Türkiyə–Bolqarıstan elektrik kabeli və Mərkəzi Asiyadan Xəzər üzərindən keçəcək enerji layihələri regional əməkdaşlığın inkişafına yeni imkanlar yaradır.

Həyata keçirilən bütün bu təşəbbüslər Azərbaycanın beynəlxalq nüfuzunu daha da artırır. Bu gün ölkəmiz yalnız enerji ixrac edən dövlət kimi deyil, həm də müxtəlif regionları birləşdirən əməkdaşlıq platformalarının təşəbbüskarı kimi tanınır. Cənub Qaz Dəhlizi ətrafında formalaşmış tərəfdaşlıq mexanizmi bunun ən uğurlu nümunələrindən biridir. Azərbaycanın siyasi iradəsi və maliyyə dəstəyi sayəsində çoxsaylı ölkələri əhatə edən geniş əməkdaşlıq şəbəkəsi formalaşıb.

Bakı Enerji Həftəsində aparılan müzakirələr bir daha təsdiqləyir ki, Azərbaycan artıq yalnız enerji ehtiyatlarına malik ölkə statusu ilə kifayətlənmir. Enerji təhlükəsizliyi, yaşıl enerji keçidi və beynəlxalq əməkdaşlıq sahələrində mühüm təşəbbüslər irəli sürən ölkəmiz qlobal miqyasda strateji əhəmiyyətə malik aktora çevrilib və gələcəkdə də bu mövqeyini daha da gücləndirmək əzmindədir.

Bəxtiyar Mustafayev,
YAP Mingəçevir şəhər təşkilatının sədri.