Milli Məclisin deputatı Zaur Şükürovnın təşəbbüsü ilə 3 iyun 2026-cı il tarixində Abşeron Rayon İcra Hakimiyyətinin inzibati binasında rayonun Şəfəq qəsəbəsində məskunlaşmış imtiyazlı şəxsləri təmsil edən sakinlərlə növbəti görüş keçirilib.
Görüşdə Sumqayıt şəhərində qəzalı vəziyyətdə olan yaşayış binasından köçürülərək Şəfəq qəsəbəsində yerləşdirilmiş 113 ailənin hazırda yaşadıqları mənzillərdə qeydiyyata alınmaları, icarə müqavilələrinin rəsmiləşdirilməsi və gələcəkdə həmin mənzillərə çıxarışların verilməsi məsələləri müzakirə olunub.Tədbirdə Abşeron Rayon İcra Hakimiyyəti başçısının müavini, Sosial-iqtisadi və memarlıq-tikinti məsələləri şöbəsinin müdiri İlkin Əsədov və qurumun hüquq və kadr məsələləri sektorunun müdiri Rəşad Qubatov da iştirak ediblər.
Görüş zamanı sakinləri narahat edən məsələlər dinlənilib, onların qaldırdıqları problemlərin həlli istiqamətində aidiyyəti qurumlarla birgə müvafiq addımların atılacağı bildirilib. Qeyd olunub ki, vətəndaşların mənzil hüquqlarının təmin edilməsi və sosial rifahının yaxşılaşdırılması daim diqqət mərkəzində saxlanılır.











