backend

“Azərbaycanla bağlı bu məlumatlar sifarişli dezinformasiya mətbəxlərində hazırlanır”

Məlum olduğu kimi, CNN 5 iyun tarixində Azrbaycanla bağlı yeni bir yalan yayımlayıb. Bildirib ki, guya İran-İsrail müharibəsi zamanı İsrail Azərbaycan ərazisində hərbi birləşmələr yerləşdirib.
Maraqlıdır, CNN-nin bu yalanı ölkəmizə qarşı informasiya müstəvisində hücumların hələ də davam etdiyini, bu hücumlara qarşı mübarizədə hər bir azərbaycanlının həmrəyliyinin vacib olduğunu söyləməyə əsas verirmi?
Moderator.az-a açıqlama verən millət vəkili Nəsib Məhəməliyev mövzu ilə bağlı maraqlı fikirlər səsləndirib:
“CNN World” xəbər kanalının internet səhifəsində Azərbaycanla bağlı yayılmış məqalə saxta və qərəzlidir. Heç bir konkret fakta söykənməyən, qeyri-müəyyən mənbələrə əsaslanan ,,yazı,, regionda sabitliyin pozulmasına, qonşular arasında düşmənçilik, qarşıdurma yaradılmasına hesablanıb.
Müharibə zamanı, İsrailin Azərbaycan ərazisindən İrana qarşı əməliyyat və kəşfiyyat xarakterli tədbirlər üçün istifadə olunması, cəfəngiyatdır. Yeri gəlmişkən, bu məsələ son 35 il ərzində dəfələrlə müxtəlif səviyyələrdə qaldırılmışdır. Lakin heç zaman təsdiqini tapmamışdır. İsrail hərbi birləşmələrinin Azərbaycan ərazisində yerləşdirilməsi fikri isə, heç bir tənqidə dözmür.
Birincisi, hərbi hissə iynədi nədi, haradasa gizlətmək mümkün olsun. Ələlxüsus, cəmiyyətimizdə kifayət qədər İrana xüsusi rəğbətilə seçilən, bəzi hallarda, kortəbii şəkildə rejimin ideoloji təsiri altına düşmüş böyük bir kəsim var. Bu baxımdan, heç kimə sirr deyil ki, İran xüsusi xidmət orqanlarının Azərbaycanda informasiya əldə etmək imkanları olduqca genişdir. SEPAH hamıdan yaxşı bilir ki, belə bir fakt yoxdur. Ancaq zaman-zaman Azərbaycan əleyhinə qarayaxma kampaniyasında iştirak edir.
İkincisi, İsrailin İran ərazisində əməliyyat və kəşfiyyat aparması üçün Azərbaycandan istifadə etməsinə ehtiyac yoxdur. İranın nüvə alimlərinin, ali hərbi və dini rəhbərliklərinin qətlə yetirilməsi, ABŞ və İsrail hərbi təyyarələrinin bu ölkənin hava məkanından maneəsiz uçuşları göstərdi ki, bu məsələlərdə Azərbaycana ehtiyac yoxdur.
Üçüncüsü, indi İKT əsridir. Texnologiyalar o səviyyədə unkişaf edib ki, irili-xırdalı istənilən obyektin uçuş və yaxud hərəkət trayektoriyasını dəqiqliklə müəyyənləşdirmək mümkündür.
Dördüncüsü, Azərbaycan ən ali səviyyədə, Prezident İlham Əliyev tərəfindən dəfələrlə bəyan edib ki, ərazimizdən nəinki İrana, heç bir qonşu dövlətin əleyhinə istifadə olunmasına imkan verməyəcək. Bizim xarici siyasətimizin qayəsində, bütün dövlətlərlə mehriban qonşuluq, iqtisadi, mədəni əlaqələrin qurulması, üçüncü dövlətlərə qarşı istifadəyə yol verilməməsi durur.
Müasir dövrün reallıqlarından biri odur ki, yeni dünya nizamı qurulur. Təbii resurslar, kommunikasiyar uğrunda geosiyasi rəqabət güclənir. Tərəflər, bəzi hallarda məqsədlərinə çatmaq üçün ən çirkin metodlardan istifadə edirlər. Bunlardan biri də, informasiya müharibəsidir. İndiki zamanda informasiya müharibəsi, milli təhlükəsizliyin əsas komponentlərindən biri, son dərəcə əhəmiyyətlidir. Ən azından əlli faizlik nəticə deməkdir. Yerləşdiyimiz coğrafiya, tarixən qlobal güclərin maraq dairəsində olmuşdur. Şübhə yoxdur ki, gələcəkdə də belə olacaq. Ona görə də, xalqımız ayıq-sayıq olmalı, həmrəylik nümayiş etdirməlidir. “CNN World “ və ona bənzər sifarişli dezinformasiya mətbəxlərində hazırlanan və yayımlanan böhtan, şantaj, təxribat xarakterli məlumatlara etibar etməməlidir”.